Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, D.Qulmanova Milli Məclisin sədrini salamlayaraq BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində keçirilən Parlamentlərarası Forumda iştiraka görə təşəkkürünü bildirib. O diqqətə çatdırıb ki, konfransda müzakirə olunan məsələlər mühüm əhəmiyyətə malikdir və xalqlarımızın maraqlarına xidmət edir.
Azərbaycanın və Türkmənistanın qanunverici orqanları arasındakı əməkdaşlığı yüksək qiymətləndirən D.Qulmanova ölkələrimiz arasındakı münasibətlərin mövcud səviyyəsindən razılığını bildirib.
Səmimi görüş üçün təşəkkürünü bildirən Milli Məclisin sədri konfransın iştirakçı ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib. S.Qafarova bu Konfransın yüksək səviyyədə təşkilinə görə Türkmənistan tərəfinə minnətdarlığını bildirib.
S.Qafarova dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafından danışaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında böyük rol oynadığını qeyd edib. O, ötən ay Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərini xatırlayaraq, ali qonağın həmin səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüşünün və aparılmış müzakirələrin əhəmiyyətindən danışıb. Spiker bildirib ki, ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını formalaşdırıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ölkələrimizin hərtərəfli əməkdaşlığının daha da inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında hər iki ölkənin parlamentlərinin əhəmiyyətini vurğulayan Sahibə Qafarova bu sahədə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətini təqdir edib.
Görüşdə xalqlarımızı dərin tarixi köklərin, mənəvi və mədəni dəyərlərin birləşdirdiyini, bunları qoruyub gələcək nəsillərə çatdırmağın vacib olduğu diqqətə çatdırılıb.
Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib