Gəncə şəhərində yerləşən tarixi memarlıq abidələrinin fasadlarında qanunsuz yerləşdirilmiş reklam lövhələri demontaj edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu mərhələdə reklam yayımı dayandırılan obyektlərin sayı 30-a yaxın, demontaj olunan reklamların sayı isə 40-dan çox olub. Tarixi abidələrin fasadlarına xələl gətirən reklamların aradan qaldırılması ilə yanaşı, obyekt sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilib.
Məqsəd tarixi memarlıq abidələrinin ilkin görünüşünün qorunması, açıq məkanda estetik reklam mühitinin formalaşdırılması və qanunvericiliyin tələblərinə cavab verməyən kommersiya məqsədli reklamların yayımlanmasının qarşısının alınmasıdır.
Qeyd olunub ki, Gəncə Regional Reklam İdarəsi tərəfindən bu istiqamətdə nəzarət tədbirləri davam etdiriləcək.