13 avqust 2025 11:34
168

Fransa kanaklara zorla saziş qəbul etdirməyə çalışır

Yeni Kaledoniyanın müstəqilliyi uğrunda əsas hərəkat olan Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (Le Front de libération nationale kanak et socialiste, FLNKS) tərəfdarlarını rəsmi Parisin kanak xalqının razılığı olmadan siyasi nizamlamanı zorla qəbul etdirmək cəhdlərinə qarşı dinc səfərbərliyə və müqavimətə çağırıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Fransanın “Le Monde” nəşri məlumat yayıb.

"Biz fəal qüvvələrimizə öz siyasətini zorla qəbul etdirmək niyyətində olan dövlətə dinc şəkildə "dur" deməyə çağırış edirik", - FLNKS-in siyasi bürosunun üzvü, həmkarlar ittifaqı xadimi Mari-Pyer Qoyeş bu gün Numeada keçirilən mətbuat konfransında bildirib.
Videobağlantı ilə mətbuat konfransa qoşulan FLNKS-in sədri Kristian Teyn Fransa Prezidenti Emmanuel Makronun şəxsən təklif etdiyi sazişi "məcburi" adlandırıb.

Kaledoniya İttifaqının baş katibi və FLNKS-in siyasi bürosunun üzvü Dominik Foşi qeyd edib ki, cəbhə Bujival sazişi layihəsini regionun müstəqilliyi uğrunda mübarizənin əsasları ilə uyğun olmaması səbəbindən rəsmi qaydada rədd edir.

Fransanın dənizaşırı ərazilər üzrə dövlət naziri Manuel Vals bildirib ki, o, Bujival sazişini qorumaq üçün avqustun 18-dən Yeni Kaledoniyaya səfər edəcək. O, bu sazişi bütün tərəflərin, o cümlədən FLNKS nümayəndə heyətinin iştirakı ilə aylarla davam edən işin bəhrəsi kimi təqdim edir.

Lakin cəbhənin rəhbərliyi mətbuat konfransında vurğulayıb ki, saziş nə danışıqların ruhunu, nə də hərəkatın prinsipial mövqelərini əks etdirmir.

Qeyd edək ki, FLNKS Bujival sazişini rədd etdiyini bəyan edib.

Bujival sazişi 2025-ci il iyulun 12-də Paris yaxınlığındakı Bujival şəhərində Fransa və Kanakinin (Yeni Kaledoniya) siyasi qüvvələri arasında imzalanıb. Sənəddə nəzərdə tutulan yeni siyasi model çərçivəsində ərazi Fransanın tərkibində qalır, lakin "Yeni Kaledoniya dövləti" (xüsusi statusa malik muxtar qurum) statusu əldə edir.
Sənədə əsasən, kanaklar ikili vətəndaşlığa - Fransa və yeni təsis edilmiş "Kaledoniya" vətəndaşlığına malik olacaqlar. Sənəd həmçinin müdafiə, təhlükəsizlik və digər sahələrdə səlahiyyətlərin ötürülməsi də daxil olmaqla, dövlətin suveren səlahiyyətlərinin tədricən genişləndirilməsini nəzərdə tutur. Lakin sazişin qüvvəyə minməsi yalnız 2026-cı ildə Yeni Kaledoniyada keçirilməsi planlaşdırılan referendumun müsbət nəticələrindən sonra mümkün olacaq.

Daha əvvəl Beynəlxalq Dekolonizasiya Cəbhəsi (FID) də Bujival sazişlərinə qarşı çıxmışdı. FID bu sazişin kanak xalqının öz müqəddəratını təyin etmək hüququnun tam və səmərəli həyata şəkildə həyata keçirilməsini təmin etməməsi, həmçinin beynəlxalq hüququn imperativ prinsiplərini pozması ilə bağlı dərin narahatlığını ifadə etmişdi. Təşkilatın xatırlatdığı kimi, bu hüquq həm Fransa Konstitusiyasında, həm də beynəlxalq hüququn əsas sənədlərindən biri olan BMT Baş Assambleyasının 1514 (XV) saylı Qətnaməsində hüquqi olaraq təsbit edilib.

2024-cü ilin may ayında Fransanın güc strukturlarının azadlıq hüququ tələb edən kanaklara qarşı zorakılıqla müşayiət olunan hərəkətləri Yeni Kaledoniyada 14 dinc sakinin həlak olması ilə nəticələnib.