19 avqust 2025 01:26
98

Qarabağ və Şərqi Zəngəzur regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

Bu ilin yanvar-iyun aylarında buraya ümumilikdə 2 milyard 75 milyon 301 min manat investisiya yatırılıb

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər içərisində infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir. Çünki infrastrukturun yüksək səviyyədə yenidən qurulması həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni, bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq”.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ümumilikdə 2 milyard 75 milyon 301 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu məbləğin 2 milyard 38 milyon 449 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. İlin birinci yarısında Qarabağ iqtisadi rayonu üzrə yatırılan investisiyaların həcmi 857 milyon 868 min manat təşkil edib. Həmin məbləğin 835 milyon 145 min manatı tikinti-quraşdırma işlərinə aid olub. Altı ayda Şərqi Zəngəzur iqtisadi rayonuna 1 milyard 217 milyon 433 min manat investisiya yatırılıb. Bu məbləğin 1 milyard 203 milyon 304 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.

Həyata keçirilən infrastruktur layihələri içərisində yolların yenidən qurulması xüsusi yer tutur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin son məlumatına əsasən, ümumi uzunluğu 3 382,6 km təşkil edən 44 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri davam etdirilir. Bu yollardan 1076.1 kilometri respublika əhəmiyyətli, 2306.5 kilometri isə yerli əhəmiyyətlidir. Hazırkı mərhələyə qədər agentlik tərəfindən artıq 315.9 kilometr uzunluğunda 7 avtomobil yolunun tikintisi tam başa çatdırılıb, bir layihənin – 39.7 km-lik Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun isə 24.2 kilometrlik hissəsi istismara verilib. Bu yollar arasında Tərtər-Suqovuşan-Talış (28.5 km), “Zəfər Yolu” (101 km), Bərdə-Ağdam (44.5 km), Füzuli-Hadrut (12.3 km) və bir sıra digər yollar var. Bu infrastruktur layihələri regionda təhlükəsiz, sürətli, rahat və davamlı nəqliyyat əlaqələrinin bərpa olunmasına xidmət etməklə yanaşı, iqtisadi inkişafın dayanıqlı təməllər üzərində qurulmasını da təmin edir.

İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dəmiryol infrastrukturu da bərpa edilir. Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti işləri davam etdirilir. Bərdə-Ağdam dəmir yolu xəttinin çəkilişi başa çatıb. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi istifadəyə verilib. Qarabağ və Şərqi Zəngəzurda reallaşan infrastruktur layihələri arasında hava yolları da müstəsna əhəmiyyət daşıyır. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları, həmçinin Laçın Beynəlxalq Hava Limanı tikilərək istifadəyə verilib.

İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpaolunan enerji potensialından səmərəli istifadə çərçivəsində sistemli tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda xüsusən bu ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq 4 il ərzində 270 MVt gücündə 32 su elektrik stansiyası istismara buraxılıb və 2025-ci ildə isə daha bir neçə su elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumilikdə isə növbəti illərdə əlavə olaraq 200 MVt-lıq su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur. Qeyd edək ki, təkcə 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub. Belə ki, Kəlbəcər rayonunda son dörd ildə “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən ən böyük su elektrik stansiyası - 22,5 MVt-lıq “Yuxarı Vəng”, 4,3 MVt-lıq “Zar”, Laçın rayonunda 2,8 MVt-lıq “Zabux”, 4,6 MVt-lıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü 10,5 MVt olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” su elektrik stansiyaları istismara verilib. 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında “AzərEnerji” tərəfindən 550 milyon kilovat-saatadək ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal olunub. Həmin 550 milyon kilovat-saat enerjinin üçdəbiri, yəni 200 milyon kilovat-saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyib, qalan üçdə iki hissəsi isə respublika enerji sisteminə ötürülərək ölkənin digər yerlərinin tələbatına yönləndirilib. Nəticədə 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Sənaye zonaları da Şərqi Zəngəzur və Qarabağın inkişafında mühüm rol oynayır. Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin bərpası, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük park hesab edilən Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Bu müəssisələr elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyaların, dam və fasad örtüklərinin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının, divar kağızlarının, müxtəlif növ ayaqqabıların, avtomatlaşdırma və telemexanika sistemlərinin, məsaməli hörgü bloklarının istehsalı ilə məşğul olurlar. Ağdam Sənaye Parkında istehsal edilən məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməklə yanaşı, daxili bazarda da geniş satışı həyata keçirilir. Artıq ixrac istiqamətində də uğura imza atılıb. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnika təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkı logistik imkanlar baxımından əlverişli ərazidə yerləşir ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Parkda ümumi investisiyaların həcmi 150 milyon manata yaxındır. Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 1 müəssisə tam fəaliyyət göstərir. 6 müəssisənin qurulması istiqamətində tikinti işləri davam etdirilir. Tikintisi gedən müəssisələr beton və quru yapışdırıcı, dekorativ daşların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların, yapışqan lentlərin, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı ilə məşğul olacaq, nəqliyyat vasitələrinə yanacaqdoldurma xidməti göstəriləcək.

Sevinc Azadi, “İki sahil”