25 avqust 2025 11:49
109

Türkiyə XİN-in nümayəndəsi: Zəngəzur dəhlizinin reallaşması Cənubi Qafqazda davamlı sülhə təminat verəcək

Bu ilin avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ rəhbərlərinin Vaşinqtonda imzaladığı birgə bəyannamə böyük tarixi hadisədir.

“İki sahil” xəbər verir ki, bunu “Report”un yerli bürosuna açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi, Ankara şəhər Diplomatiya Şurası İdarə Heyətinin üzvü Metin Kılıç deyib.

Diplomat həmçinin bildirib ki, avqustun 22-də Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlinin atılması Zəngəzur dəhlizinin reallaşması baxımından böyük əhəmiyyət kəsb edir:

“Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələrini Azərbaycan-Türkiyə üzərindən Avropaya dəmiryolu, quru yolu ilə bağlayacaq, bu da Şərq və Qərb arasında mühüm körpü rolunu oynayacaq. Bunun reallaşması, eyni zamanda, Cənubi Qafqazda davamlı sülhə təminat verəcək. Hazırda Ermənistanın da sülhü istəməsi vacib amildir. Artıq Ermənistan bunun fərqindədir ki, Zəngəzur dəhlizindən kənarda qalmaq ölkəsi üçün çox əlverişsizdir. Ən əsası isə Zəngəzur dəhlizi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanı blokadadan çıxaracaq”.