İsrailin məşhur və nüfuzlu “The Jerusalem Post” jurnalında “Ermənistan ilə Azərbaycan arasında saziş və Zəngəzur dəhlizinin regional sülhdə rolu” adlı məqalə dərc olunub.
“İki sahil” xəbər verir ki, məqalənin müəllifi İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik leytenantı, Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Mordexay Kedardır.
“Ermənistan ilə Azərbaycan arasında saziş və Zəngəzur dəhlizinin regional sülhdə rolu” sərlövhəli məqalədə TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) yolu sayəsində ABŞ-ın bölgədə geosiyasi tarazlığı dəyişə biləcək xüsusi nəqliyyat dəhlizinin inkişafı üçün 99 illik hüquq əldə etdiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, TRIPP Azərbaycanı onun Naxçıvan eksklavı ilə birləşdirən Zəngəzur dəhlizinin 32-43 kilometrlik hissəsini əhatə edir. Multimodal infrastruktur, o cümlədən dəmir yolu xətləri, neft və qaz kəmərləri, fiber-optik kabellər və yolları özündə birləşdirəcək TRIPP Rusiya və İranın təsirini balanslaşdıraraq Cənubi Qafqaza bir növ strateji dayağı təmin edir.
Məqalədə, həmçinin bildirilib ki, ATƏT-in Minsk qrupunun buraxılması ABŞ-ın vasitəçilik və infrastruktur siyasətində yeni rolunu vurğulayır və Amerika diplomatları sazişi regional sabitlik amili və iqtisadi artımın katalizatoru kimi görürlər.
Yazıda İranın öz sərhədləri yaxınlığında ABŞ-ın və ya NATO-nun potensial mövcudluğu ilə bağlı təhlükəsizlik narahatlıqlarını əsas gətirərək layihəyə qarşı çıxdığına diqqət çəkilib və bir sıra başqa vacib məqamlar vurğulanıb.
Məqaləni linkə keçid etməklə ətraflı oxumaq mümkündür.