27 avqust 2025 14:04
305

Azərbaycan, Türkmənistan və Özbəkistan – qardaşlıq və strateji əməkdaşlıq yolunda

2025-ci il avqustun 22-də Türkmənistanın Avaza Milli Turizm Bölgəsində Azərbaycan, Türkmənistan və Özbəkistan dövlət başçılarının iştirakı ilə mühüm siyasi hadisə – yüksək səviyyəli üçtərəfli görüş keçirildi. Bu tarixi toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistanın Xalq Maslahaty Sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iştirak etdilər. Görüşün sonunda bir sıra mühüm sənədlər imzalandı, üçtərəfli əməkdaşlığın gələcək istiqamətlərini müəyyən edən birgə bəyanat qəbul edildi.
Azərbaycan Prezidenti İlham Əliyev görüşdən sonra verdiyi bəyanatda ölkələrimiz arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini əhatəli şəkildə dəyərləndirdi. Dövlət başçısının “Özbəkistanla sözdə yox, əməldə dostuq, qardaşıq” fikri isə bu münasibətlərin dərinliyini və real məzmununu əks etdirən əsas tezis kimi yadda qaldı.
Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan məqamlardan biri Azərbaycan–Özbəkistan münasibətləridir. Dövlət başçısı qeyd etdi ki, iki xalq arasındakı yaxınlıq yalnız rəsmi bəyanatlarda deyil, həm də real həyatda, əməli fəaliyyətlərdə özünü göstərir.
Bu gün Azərbaycan ilə Özbəkistanı birləşdirən əlaqələr təkcə diplomatik münasibətlərlə məhdudlaşmır. İqtisadi əməkdaşlıq, birgə sənaye və kənd təsərrüfatı layihələri, humanitar sahədə qarşılıqlı dəstək, mədəniyyət və təhsil mübadiləsi bu münasibətləri dərinləşdirir.
Ən əsası isə hər iki ölkə ortaq tarixi köklərə, milli-mənəvi dəyərlərə və türklük birliyinə söykənir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu qardaşlıq münasibətləri “sözdə yox, əməldə” mövcuddur. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən sonra Özbəkistanın siyasi dəstəyi və işğaldan azad edilmiş ərazilərdə məktəb tikintisi layihəsi bu qardaşlığın bariz nümunəsidir.
Azərbaycan–Türkmənistan əlaqələri də son illərdə böyük inkişaf yolu keçib. Prezident İlham Əliyev bəyanatında bu münasibətlərin strateji xarakter daşıdığını xüsusi vurğuladı. İki ölkəni birləşdirən Xəzər dənizi həm enerji, həm də nəqliyyat baxımından ortaq maraqların mərkəzindədir.
Enerji sahəsində Azərbaycan və Türkmənistanın birgə fəaliyyəti Xəzər regionunu Avrasiyanın ən mühüm enerji mərkəzinə çevirir. Nəqliyyat və tranzit sahəsində isə hər iki ölkə Transxəzər dəhlizi üzərindən böyük layihələr həyata keçirərək Asiyanı Avropa ilə birləşdirən əsas qovşağa çevrilirlər.
Bundan əlavə, Azərbaycan və Türkmənistan arasında mədəni və humanitar əlaqələr də sürətlə inkişaf edir. İki ölkə türkdilli dövlətlərin əməkdaşlıq platformalarında yaxından iştirak edərək türk dünyasının birliyinə öz töhfəsini verir.
Avaza görüşündə qəbul olunan sənədlər və imzalanmış birgə bəyanat Azərbaycan, Türkmənistan və Özbəkistan arasında əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirdi. Bu istiqamətləri bir neçə əsas sahə üzrə qruplaşdırmaq olar:
Enerji əməkdaşlığı – Türkmənistanın yeni elektrik stansiyasının istifadəyə verilməsi ilə Azərbaycan və Özbəkistana enerji ixracı imkanlarının genişləndirilməsi, həmçinin Xəzər hövzəsində enerji resurslarının birgə istifadəsi.
Nəqliyyat və tranzit – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində üçtərəfli əməkdaşlığın gücləndirilməsi, dəhlizin rəqabət qabiliyyətinin artırılması və yükdaşımaların həcminin genişləndirilməsi.
Ticarət və iqtisadiyyat – üç ölkə arasında qarşılıqlı investisiya təşviqi, ticarət dövriyyəsinin artırılması və yeni birgə müəssisələrin yaradılması.
Humanitar və mədəni əməkdaşlıq – təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahələrində birgə layihələrin həyata keçirilməsi, xalqlar arasında dostluğun möhkəmləndirilməsi.
Bu istiqamətlər həm ölkələrin daxili inkişafına, həm də regionun bütövlükdə geoiqtisadi çəkisinin artmasına xidmət edəcək.
Avaza görüşünün sonunda imzalanan birgə bəyanat Azərbaycan, Türkmənistan və Özbəkistanın strateji əməkdaşlığa sadiqliyini göstərdi. Sənəddə dövlətlər arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı dəstək və həmrəylik prinsiplərinin əsas istiqamət kimi müəyyənləşdirilməsi xüsusi vurğulanıb.
Bu bəyanat yalnız üç ölkənin gələcək inkişafı baxımından deyil, həm də regionun sabitliyi və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycan, Türkmənistan və Özbəkistanın strateji əməkdaşlığı bütövlükdə Mərkəzi Asiya–Cənubi Qafqaz coğrafiyasında yeni geosiyasi reallıqlar yaradır.
Türkmənistanın Avaza şəhərində keçirilən yüksək səviyyəli görüş həm regional əməkdaşlıq baxımından, həm də qlobal enerji və nəqliyyat təhlükəsizliyi kontekstində tarixi hadisə oldu. Prezident İlham Əliyevin bəyanatı isə Azərbaycan diplomatiyasının strateji hədəflərini, dostluq və qardaşlıq prinsiplərinə sadiqliyini, eyni zamanda regionda sabitlik və inkişaf naminə atılan addımların əhəmiyyətini aydın şəkildə ortaya qoydu.
Azərbaycan–Özbəkistan münasibətləri əməli qardaşlıq üzərində, Azərbaycan–Türkmənistan əlaqələri isə ortaq maraqlar və strateji əməkdaşlıq üzərində qurulmuşdur. Üç ölkənin birgə əməkdaşlığı isə bütövlükdə Avrasiya məkanında yeni əməkdaşlıq modellərinin əsasını qoyur.
Beləliklə, 2025-ci il avqustun 22-də imzalanan sənədlər və qəbul edilən bəyanat tarixə Azərbaycan, Türkmənistan və Özbəkistan arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi, strateji əməkdaşlığın yeni mərhələsi kimi daxil oldu.

Nigar Hacızadə,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi