02 sentyabr 2025 21:28
138

Azərbaycanla Türkiyə arasında ƏSM sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclası keçirilib - YENİLƏNİB

Ankarada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində (ƏSM) əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 12-ci iclası keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

İclasdan əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanın görüşü olub. Görüşdə sosial sahədə ikitərəfli əməkdaşlığın mövcud vəziyyətinə, növbəti iclasın gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Birgə Daimi Komissiyanın iclasında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə qardaş ölkələrimiz arasında münasibətlərin daim inkişaf etdiyi və 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. Digər sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib. Ötən dövrdə bu sahələrdə imzalanmış əməkdaşlıq sənədlərinin, Birgə Daimi Komissiyanın fəaliyyətinin əlaqələrin genişlənməsində önəmi diqqətə çatdırılıb.

İclasda gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub. Həmçinin qeyri-formal məşğulluğun qarşısının alınması, əməyin mühafizəsi, peşə hazırlığı, pensiya təminatı, rəqəmsal xidmətlərin tətbiqi və s. sahələrdə qarşılıqlı təcrübə və məlumat mübadilələrinin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib. Eləcə də sosial müdafiə sahəsində əməkdaşlığa dair ötən dövrlərdə imzalanmış Sazişin hər iki ölkədə əmək və sosial müdafiə sahələrində son illər aparılan islahatlar, rəqəmsal xidmətlərin inkişafı fonunda müasir tələblərə uyğun şəkildə yenilənməsinin məqsədəuyğun olduğu bildirilib.

Anar Əliyev və Vedat İşıkhan keçirdikləri brifinqdə Komissiyanın iclasının yekunları barədə məlumat verib, ortaq maraq doğuran sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini diqqətə çatdırıblar.

Sonra nazirlər Birgə Daimi Komissiyanın 12-ci iclasının Protokolunu imzalayıblar. Sənədə əlavə olunan 2026-2027-ci illər üzrə Tədbirlər Planında iki Nazirlik arasında qeyd edilən dövrdə aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi, əlilliyi olan şəxslərin və digər həssas qrupların məşğulluğunun artırılması, əmək miqrasiyası, əməyin mühafizəsinin təkmilləşdirilməsi və təlim infrastrukturunun inkişafı, qeyri-formal məşğulluğun qarşısının alınması, pensiya təminatı, sosial sığorta, əmək bazarının monitorinqi və proqnozlaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətləri, məlumat və təcrübə mübadilələrinin aparılması əksini tapıb.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Türkiyə Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə də tanış olub.