10 sentyabr 2025 17:41
112

Budapeşt sərhədlərin müdafiəsində Brüsseli köməyə çağırıb

Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenə məktub göndərib. Həmin məktubun mətni bir sıra Avropa media orqanlarının da ixtiyarına keçib.

“İki sahil” xəbər verir ki, məktubda Macarıstanın hökumət başçısı Brüsseli bu ölkənin sərhədlərinin müdafiəsinə dair görüləcək tədbirlərə maliyyə dəstəyi göstərməyə çağırıb. Bildirilir ki, məktubun surətlərini Orban həm də digər Aİ-yə üzv ölkələrin hökumətlərinə göndərib.

“Avropa İttifaqının xarici sərhədlərini qoruyan fiziki baryerlərin ümumi məsuliyyət olduğu barədə Polşada etdiyiniz bəyanatınızı maraqla oxudum”, – deyə Orban yazıb.

Onun sözlərinə görə, Macarıstan «dəfələrlə bu xərclərin ödənilməsini Avropa Komissiyasından tələb edib. Lakin siyasi və ya maliyyə dəstəyi əvəzinə Budapeşt yalnız daimi tənqidlə üzləşib və gündəlik 1 milyon avro məbləğində misilsiz cərimə ödəməyə məhkum olunub”.

Orban məktubunu ön cəbhədə yerləşən dövlətlərə vəsait ayrılması tələbi ilə tamamlayıb.