10 sentyabr 2025 18:06
118

Belçikada gənc oğlan və qızlara könüllü hərbi xidmət təklif olunacaq

Noyabr ayında Belçikanın bütün 17 yaşlı sakinlərinə könüllü hərbi xidmət proqramı barədə ətraflı məlumatın yer alacağı məktublar göndəriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin çağırışçılara həsr edilmiş mətbuat konfransında bildirilib.

Təşəbbüs gənclərə bir illik hərbi xidməti könüllü şəkildə keçmək imkanı yaradır. Ümumilikdə təxminən 130 min yeniyetmə məktub alacaq. Noyabr ayında hər bir vilayətdə canlı məlumatlandırıcı görüşlər keçiriləcək, ardınca isə rəqəmsal tədbirlər təşkil olunacaq. Müraciətlərin qəbulu 2026-cı ilin yanvarından başlayacaq.

Proqram 18–25 yaş arası oğlan və qızlar üçün nəzərdə tutulub. Seçim prosesi yayda başlayacaq, ən yaxşı namizədlər xidmətə dəvət olunacaq və proqram sentyabrda start götürəcək. İştirakçılara xalis 2000 avro aylıq əməkhaqqı vəd edilir.

İlkin mərhələdə Müdafiə Nazirliyi 3,5 min nəfəri seçim mərhələsinə dəvət etməyi, onlardan 500 nəfərini start qrupu üçün seçməyi planlaşdırır. 2027-ci ilə qədər yerlərin sayı 1000-ə, daha sonra isə mərhələli şəkildə 7 minə çatdırılacaq.

Xidmətə qəbul olunanlar quru qoşunlarında, Hərbi Dəniz Qüvvələrində və ya Hərbi Hava Qüvvələrində fəaliyyət göstərə, təhlükəsizliklə bağlı tapşırıqlar yerinə yetirə biləcəklər.