Rusiya pilotsuz uçuş aparatlarının NATO ölkələrinin ərazisinə soxulması “ölkələrin biri-birinə qarşı hərbi güc tətbiq etməsi ilə nəticələnə bilər”.
“İki sahil” “Reuters”ə istinadla xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kyastutis Budris çərşənbə günü agentliyə verdiyi müsahibəsində bəyan edib.
Çərşənbə günü Rusiyanın Ukraynanın qərbinə həyata keçirdiyi genişmiqyaslı hücumu zamanı Polşa hava məkanına soxulan dronları vurub. NATO üzvü olan ölkə bu müdaxiləni “təcavüz aktı” adlandırıb və qeyd edib ki, bu, müharibənin gedişində Alyans üzvünün atəş açdığı ilk haldır.
“Burada heç kim təhlükəsiz vəziyyətdə deyil, Avropada və Alyans daxilində heç bir ölkə özünü təhlükəsiz hiss edə bilməz, çünki bu insidentlər hər şeyin kəskinləşə biləcəyi şəraitə çox yaxındır”, – deyə Budris bildirib.
O əlavə edib ki, NATO və Avropa İttifaqının üzvü olan, həmçinin Rusiya və Belarusla həmsərhəd Baltikyanı ölkə hələlik Rusiyanın pilotsuz uçuş aparatının qonşu Polşa ərazisinə daxil olmasının qəsdən həyata keçirildiyini təsdiqləməyib.
Nazir onu da bildirib ki, Rusiya və Belarusla sərhəddə yerləşən Baltikyanı ölkələrdə və Polşada hava hücumundan müdafiə sistemləri NATO tərəfindən daha da gücləndirilməlidir.