Şəki-Zaqatala bölgəsində iqlim dəyişmələri, onun yumşaldılması və adaptasiya tədbirləri ilə bağlı bir neçə dəyirmi masa təşkil olunub.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ruzgar” Ekoloji İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində baş tutan tədbirlərə Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu, Memarlıq və İnşaat Universiteti, Coğrafiya İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitunun alimləri, habelə iqlim dəyişmələrindən ən çox təsirə məruz qalan Şəki, Qax, Zaqatala və İsmayıllı rayonlarının icra orqanları, bələdiyyələr, ictimai təşkilatlar, bu təsirə birbaşa məruz qalan maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.
Vətəndaş cəmiyyəti, elm və təhsil sektorlarının birgə həyata keçirdiyi bu tədbirlərdə bölgədə iqlim dəyişmələrinin törətdiyi fəsadlar, onların miqyası və vurduğu iqtisadi ziyandan bəhs edilib, iqlim dəyişmələrinin zəiflədilməsi, habelə onlara adaptasiya tədbirləri haqqında müzakirələr aparılıb.
Tədbirlərdə COP29-un nəticələri və “İqlim fəaliyyəti həftəsi”nə həsr olunmuş məruzələr dinlənilib.
Professorlar İ.Mustafayev və N.Məmmədov, Radiasiya Problemləri İnstitutunun Laboratoriya rəhbəri, dosent Hökmən Mahmudov, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi , coğrafiya üzrə fəlsəfə doktoru R.Kərimov, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi H.İmanova məruzə ediblər. Məruzələrdə “Konstitusiya və Suverenlik ili” ilə bağlı məlumat verilib, Konstutusiyanın 39-cu və 78-ci maddələrində vətəndaşların ətraf mühitin qorunması üzrə hüquq və vəzifələri sadalanıb, Milli Ekoloji qanunvericiliyin inkişafı və bu qanunvericilikdə iqlim dəyişmələrinə, ekoloji tərbiyəyə və ekoloji informasiyaya aid müddəalar haqqında məlumatlar verilib.
İqlim dəyişmələrinin səbəbləri, Azərbaycanda təzahürləri ayrı-ayrı sektorlardan atılan tullantıların bu prosesdə rolu vurğulanıb. Karbon emissiyalarında antropogen faktorların, xüsusilə enerji səmərəliliyinin rolu haqıında müzakirələr aparılıb. Qeyd edilib ki, dövlər orqanları ölkə miqyasında bir çox tədbirlər, xüsusilə karbon emissiyalarının azaldılması üçün alterenativ enerji növlərinin istifadəsi sahəsidə böyük layihələr həyata keçirirlər. Bu layihələrə nümunə olaraq işğaldan azad edilmiş ərazilərdə və Biləsuvarda inşa edilən Günəş-elektrik stansiyalarının karbon emissiyalarının azaldılmasında rolundan danışılıb.
Enerji istehlakında payı 40-45 faiz olan ev təsərrüfatlarında da bu enerji növlərindən istifadənin, enerjinin istifadəsində səmərəliliyə və qənaətə ciddi diqqət edilməsinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, bu problemin həllində əhalinin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. İqlim dəyişmələrinin mitiqasiya tədbirləri kimi enerji sektorunda günəş və külək enerjisindən istifadə, sənayedə az karbonlu texnologiyaların tətbiqi, meşələrin genişləndirilməsi və su hövzələrinin təmiz saxlanılması kimi tədbirlərin əhəmiyyətindən bəhs edilib.
Layihə çərçivəsində nəşr olunmuş “İqlim dəyişmələrinin yumşaldılması və alternativ energetika” , “İqlim dəyişmələri üzrə xülasə” kitabçalarının qısa məzmunu haqqında məlumat verilib.
İqlim dəyişmələri üzrə Bakıda keçirilmiş COP-29 sessiyasının və “İqlim fəaliyyəti həftəsi”nin nəticələrinin əhalinin maarifləndirilməsində böyük rolu olduğu qeyd edilib.
Yerli iştirakçılar ölkədə və bölgələrdə bu sahədə mövcud olan problemlərdən və onların həlli yollarından bəhs ediblər. Ekoloji təhsilin və tərbiyənin bu məsələnin həllində həlledici rolu qeyd olunub.
Tədbirlərdə çıxışlardan sonra suallar cavablandırılılıb.
Aygün İbrahimli