Bu, dövlət büdcəsinin mütləq çoxluğunu qeyri-neft-qaz sektorunun gəlirləri hesabına formalaşdırmaqdır
Bu gün Azərbaycanda sahibkarlığın stimullaşdırılması məqsədilə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri daha da inkişaf etdirilir. Eyni zamanda, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan çoxsaylı proqramlar icra olunur. Məhz ölkəmizdəki bu müsbət tendensiyaya görə iqtisadi və sosial tərəqqinin əsas göstəricisi sayılan ümumi daxili məhsul (ÜDM) istehsalında artım qeydə alınıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 95,2 milyard və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə ölkəmizin qeyri-neft-qaz sektorunda 18,4 milyon manatlıq məhsul istehsal olunduğu halda, 2024-cü ildə bu göstərici 85 milyard 712,4 milyon manat təşkil edib. Digər önəmli fakt isə ondan ibarətdir ki, Azərbaycanın qeyri-neft-qaz sahəsindəki məhsul artımı 2022-2024-cü illərdə hər il orta hesabla 6,6 faiz, ümumilikdə isə 1,2 dəfə artıb.
Ölkə iqtisadiyyatının qeyri-neft-qaz sektorunun inkişafında müşahidə olunan sürətli artım tendensiyası 2025-ci ilin yanvar-sentyabr aylarında da davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 9 ayında qeyri-neft-qaz sahələri üzrə məhsul istehsalı 66 milyard 724,5 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 2,9 faiz artım deməkdir. Cari ilin doqquz ayında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun 34,2 faizi ölkə iqtisadiyyatının əsas sahəsi sayılan sənayenin payına düşüb. Hesabat dövründə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 47,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
İstehsal edilmiş məhsulun böyük hissəsinin istehlakçılara göndərilməsi təmin edilib. Beləliklə, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla 2025-ci il oktyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 849,4 milyon manatlıq hazır məhsul toplanıb. Ehtiyatların 54,6 faizi Bakı, 12,6 faizi Sumqayıt, 4,7 faizi Gəncə, 0,3 faizi Şirvan şəhərlərinin, 1,4 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 141,6 milyon manat məbləğində digər məhsullar da mövcuddur.
Xüsüsi vurğulamaq lazımdır ki, ölkə iqtisadiyyatının böyüməsində investsiya qoyuluşu da əsas faktorlardandır. Xüsusilə Azərbaycanda investisiya cəlbediciliyinin yüksəldilməsi, sahibkarların maliyyə bazarlarına daha rahat və sistemli çıxışının təmin edilməsi, ənənəvi bazarlarda payının artırılması, yeni bazarlara çıxışının asanlaşdırılması və s. istiqamətlər üzrə reallaşdırılan tədbirlər özəl sektorun daha da güclənməsinə imkan verir. Bütün bunların nəticəsində 2025-ci ilin yanvar-sentyabr aylarında ölkəmizdə əsas kapitala 13 milyard 48,1 milyon manat məbləğində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur. İnvesitsiya qoyuluşunun davamlılığının nəticəsidir ki, hazırda özəl sektorun ümumi daxili məhsuldakı payı 83, məşğulluqdakı payı isə 78 faizə yüksəlib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin 9 ayında neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5 faiz azalsa da, qeyri neft-qaz sektoruna qoyulmuş investisiyaların həcmində 7 faiz artım qeydə alınıb. İstifadə olunmuş investisiyanın 6 milyard 647,6 milyon manatı və ya 51 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 298,5 milyon manatı (32,9 faizi) xidmət sahələrinə, 2 milyard 102 milyon manatı (16,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Vurğulamaq lazımdır ki, əsas kapitala yönəldilmiş investisiyaların 10 milyard 57,3 milyon manatını və ya 77,1 faizini daxili vəsaitlər təşkil edib. İnvestisiyaların 10 milyard 280,2 milyon manatı və ya 78,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Komitənin məlumatına görə, cari ilin 8 ayında xarici maliyyə mənbələrindən əsas kapitala 2 milyard manat həcmində vəsait yönəldilib. Bu isə ümumi investisiyaların 24,8 faizi deməkdir. Yanvar- sentyabr aylarında əsas kapitala yönəldilən xarici vəsaitlərin 97,3 faizi Böyük Britaniya, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, İran İslam Respublikası, Hindistan, BƏƏ, Macarıstan və Fransa investorlarına məxsus olub.
Görünən odur ki, Azərbaycanın yeni iqtisadi hədəfi artıq bəllidir. Bu, dövlət büdcəsinin mütləq çoxluğunu qeyri-neft-qaz sektorunun gəlirləri hesabına formalaşdırmaqdır.
Elçin Zaman, «İki sahil»