Şimali Makedoniyada yerli idarəetmə orqanlarına seçkilər keçirilir.
“İki sahil” xəbər verir ki, 81 bələdiyyə üzrə sədrləri və şura üzvlərini müəyyən etmək məqsədilə səsvermə üçün 3480 seçki məntəqəsi yaradılıb. Ölkədə 1 milyon 832 min 415 seçicinin səsvermə hüququ olduğu bildirilib.
Bələdiyyə sədri vəzifəsi uğrunda 309, ümumilikdə seçki prosesində isə 10 min 490 namizəd mübarizə aparır. Seçkidə 644-ü xarici, 807-si yerli olmaqla, 1451 müşahidəçi fəaliyyət göstərir. Namizədlər səslərin 50 faizdən çoxunu toplaya bilmədiyi halda, noyabrın 2-də ikinci tur seçkilər keçiriləcək.
Şimali Makedoniyada hər 4 ildən bir yerli seçkilər keçirilir və bu, sayca 8-cidir. Daha əvvəl 1996-cı, 2000-ci, 2005-ci, 2009-cu, 2013-cü, 2017-ci və 2021-ci illərdə seçkilər baş tutub.