19 oktyabr 2025 19:12
111

Böyük Britaniyada enerji sektorunda 400 min yeni iş yeri yaradılacaq

Böyük Britaniya hökuməti ölkənin təmiz enerji sektorunda işçi qüvvəsini artırmaq məqsədilə yeni təlim və işə qəbul proqramı həyata keçirəcəyini açıqlayıb.

“İki sahil” BBC-yə istinadla xəbər verir ki, plan çərçivəsində 2030-cu ilədək 400 minə yaxın əlavə iş yerinin yaradılması nəzərdə tutulur.

Nazirlərin açıqlamalarına görə, santexnik, elektrik və qaynaqçı kimi 31 əsas ixtisas üzrə işçilərə tələbat xüsusilə yüksəkdir. Gözlənilir ki, külək, günəş və nüvə enerjisi sahələrində çalışanların sayı 5 il ərzində ikiqat artaraq 860 min nəfərə çatacaq.

Enerji məsələləri üzrə dövlət katibi Ed Miliband bildirib ki, Britaniyanın təmiz enerji sektorunu inkişaf etdirmək, uzunmüddətli dövrdə insanların enerji xərclərini azaltmaq üçün minlərlə yeni iş yerinə ehtiyac var.

Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin məlumatına görə, bu strategiya çərçivəsində Çeşir, Linkolnşir və Pembrokşir bölgələrində pilot layihələr üçün 2,5 milyon funt-sterlinq ayrılıb. Bundan əlavə, keçmiş hərbçiləri günəş panellərinin quraşdırılması, külək turbinlərinin istehsalı və nüvə enerji stansiyalarında işləməyə yönəltmək üçün yeni proqram işə salınacaq. Həmçinin neft və qaz sənayesində çalışan işçilər Böyük Britaniya və Şotlandiya hökumətlərinin birgə ayırdığı 20 milyon funt-sterlinq dəyərində ixtisasartırma proqramlarından faydalana biləcəklər.