19 oktyabr 2025 22:48
105

Dövlət Bağçalı: ŞKTR parlamenti təcili Türkiyəyə birləşməyə qərar verməlidir

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinin ilkin nəticələrinə münasibət bildirib.

“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, o, ŞKTR parlamentini təcili iclas keçirməyə çağırıb.

MHP sədri bildirib ki, parlamentarilər ŞKTR-nin Türkiyəyə birləşməsinə qərar verməlidirlər.

"ŞKTR-də baş tutan seçkilərin nəticələri çox az seçicinin iştirakı ilə əldə olunub. Kipr türklərinin taleyi bu iştirakla təmsil edilə bilməz. Seçkilərin nəticəsi seçki şurası tərəfindən açıqlanmış olsa belə, ŞKTR parlamenti təcili şəkildə iclas keçirməli, seçki nəticələri və federasiyaya geri dönüşün qəbul edilməyəcəyi elan edilməli, ölkənin Türkiyə Republikasına qatılmasına qərar verilməlidir", - D. Bağçalı vurğulayıb.

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasında (ŞKTR) oktyabrın 19-da keçirilən prezident seçkilərində ilkin nəticələrə görə, Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb. O, adada federasiya qurulmasının tərəfdarı kimi tanınır.