Erməni diasporu Türkiyənin tarixini və reallıqlarını təhrif etməyə, Ankaranı dünya ictimaiyyətinin gözündə gözdən salmaq məqsədilə dezinformasiya yaymağa davam edir.
“İki sahil” xəbər verir ki, bu barədə Ankaradakı Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) erməni diasporunun Türkiyə əleyhinə nəşrlərinə dair analitik məqaləsində qeyd olunur.
AVİM nümunə olaraq “The Daily Princetonian” nəşrində Qreq Arzumanyanın Türkiyə xalqının milli-azadlıq mübarizəsi dövründə Anadoluda baş verən proseslərə dair məqaləsinə diqqət çəkib.
“Erməni diasporunun nümayəndəsi Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün bəzi fikirlərini bilərəkdən kontekstdən çıxararaq təhrif edərək, Prinston Universitetində Atatürk kafedrasının bağlanmasına çağırış edib. Bununla yanaşı, Arzumanyanın Atatürkə aid etdiyi sitatların bir qismi ümumiyyətlə Türkiyə liderinə məxsus deyil, bir qismi isə səhv tərcümə olunub. Söhbət 1918-ci il dekabrın 21-dən 1922-ci il yanvarın 5-dək Türkiyənin cənubundakı Çukurova bölgəsində baş vermiş üçillik fransız-erməni işğalı ilə bağlı fikirlərdən gedir”, – deyə AVİM-də qeyd olunub.
Türkiyə analitik mərkəzində bildirilib ki, Osmanlı dövrünün siyahıyaalmasına əsasən, 1914-cü ildə Çukurova bölgəsində 1 milyon 590 min 795 müsəlman, 198 min 59 erməni yaşayıb, yəni ermənilər əhalinin cəmi 10 faizini təşkil edib.
Ekspertlər həmçinin xatırladıblar ki, Türkiyə Respublikasının elan olunmasından sonra imzalanan amnistiya ermənilərin Anadoluya qayıtması üçün də bir imkan yaratmışdı.
“Məsələn, etnik erməni Berç Kerestedyan Atatürkün rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasından Türkiyə Böyük Millət Məclisinə dəfələrlə deputat seçilib. Digər etnik erməni Aqop Martayan Dilaçar Atatürk tərəfindən təsis edilən Türkiyə Dilçilik Cəmiyyətinin nəzdində baş mütəxəssis vəzifəsində çalışıb, həmçinin Ankara Universitetində professor kimi dərs deyib”, – deyə AVİM-dən xatırladıblar.
Bununla bağlı ekspertlər erməni diasporunun Türkiyə əleyhinə tezislərinin əsassız olduğunu bir daha vurğulayıblar.