22 oktyabr 2025 12:19
104

Aİ rəsmisi Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayıb

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində atılan son müsbət addımlar, o cümlədən Azərbaycan tərəfindən Ermənistan üçün Azərbaycan ərazisindən yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə verilən bəyanat məni çox ruhlandırdı", - deyə o qeyd edib.

Diplomat vurğulayıb ki, oktyabrın 21-də Cenevrədə Azərbaycan və Ermənistanın parlament sədrləri arasında keçirilən görüş, eləcə də İrəvanda iki ölkənin vətəndaş cəmiyyəti institutlarının oktyabrın 22-də keçirilməsi planlaşdırılan müzakirələri də bu istiqamətdə mühüm addımlardır.

"Aİ bu praktiki inkişafları səmimiyyətlə alqışlayır və bu kimi təşəbbüsləri, eləcə də əlavə etimad quruculuğu tədbirləri dəstəkləməyə hazırdır. Eyni zamanda, Gümrü-Qars dəmir yolunun bərpası və yenidən işə salınması ilə bağlı Ermənistan-Türkiyə görüşünə dair hazırlıqların elan edilməsini də alqışlayırıq", - deyə M.Qrono bildirib.