Avropa Parlamenti bütün Aİ ölkələrində sürücülük vəsiqələrinin alınması və istifadəsi qaydasını dəyişəcək böyük islahatı təsdiqləməyə yaxındır.
“İki sahil” xəbər verir ki, 2030-cu ilə qədər sürücülük vəsiqələrinin rəqəmsal formatda tətbiqi planlaşdırılır. Bu sənədləri smartfonda saxlamaq mümkün olacaq. Plastik kartlar isə yalnız vəsiqə sahibinin müraciəti əsasında saxlamaq mümkün olacaq.
Əsas yeniliklərdən biri 17 yaşlı gənclərə B kateqoriyalı avtomobilləri təlimçinin müşayiəti ilə idarə etməyə icazə verilməsidir. Analoji qaydanın C kateqoriyalı yük avtomobillərində təlim keçmək üçün də tətbiqi təklif olunur. Bu yolla Avropa İttifaqı gənclərin sürücülük təcrübəsini qazanmağı asanlaşdırmaq və yollarda təhlükəsizliyi artırmaq məqsədi güdür.
65 yaşdan yuxarı sürücülər üçün isə vahid tələblər müəyyən edilməyəcək. Hər bir ölkə tibbi müayinədən keçməyin lazım olub-olmadığını və ya yenilənmiş kursların vacibliyini müstəqil şəkildə özü müəyyənləşdirəcək.
İslahat həmçinin “bütün Avropa üçün vahid cəza” prinsipini də təsbit edir, belə ki, əgər sürücü Aİ-nin bir ölkəsində sürücülük hüququndan məhrum edilibsə, digər heç bir ölkədə avtomobil idarə edə bilməyəcək.
Aİ-yə üzv dövlətlər artıq bu qanunvericiliyə adaptasiyanı hazırlamağa başlayıblar. Rəqəmsal sürücülük vəsiqələrinin sınaq mərhələsinin 2027–2028-ci illərdə keçirilməsi nəzərdə tutulur.
Mütəxəssislərin fikrincə, bu təşəbbüs bürokratiyanı azaldacaq və Avropa ölkələri arasında sürücülük sənədlərinə etimadı artıracaq.