25 oktyabr 2025 16:03
147

Misir Türkiyənin Qəzzada sabitliyin möhkəmləndirilməsində beynəlxalq səylərə dəstəyini gözləyir

Misir Türkiyənin noyabrda Şarm əş-Şeyxdə keçiriləcək Qəzzanın bərpası konfransında fəal iştirakını və Qəzzanın yenidən qurulması, bölgədə sabitliyin möhkəmləndirilməsi istiqamətində beynəlxalq səylərə dəstəyini gözləyir.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidanla bu gün baş tutan telefon danışığı zamanı Misirin xarici işlər naziri Bədr Əbdülati deyib.

Tərəflər telefon danışığında Şarm əş-Şeyxdə keçirilən Sülh Sammitinin nəticələrini və ABŞ Prezidentinin planına əsasən Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı əldə olunan razılaşmanı müzakirə ediblər.

Eyni zamanda, telefon danışığında iki ölkə arasındakı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları, həmçinin ortaq maraq doğuran regional hadisələrin gedişi müzakirə olunub.

Misirin xarici işlər naziri Qəzza razılaşmasının bütün maddələrinin tam şəkildə icra edilməsinin, atəşkəsin davamlı olmasının və humanitar və tibbi yardımın bölgəyə çatdırılmasının təmin edilməsinin vacibliyini qeyd edib. O, həmçinin razılaşmanın mərhələlərinin monitorinqi prosesində Misir və Türkiyə arasında mövcud olan koordinasiyanın həm regional, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində əhəmiyyətini vurğulayıb.

Nazirlər Misir və Türkiyə arasında ikitərəfli əlaqələrin inkişaf istiqamətini müzakirə ediblər və iki dost ölkənin münasibətlərin müsbət dinamika üzərində qurulmasına, həmçinin siyasi, iqtisadi və investisiya sahələrində əməkdaşlıq mexanizmlərinin gücləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.