25 oktyabr 2025 17:53
120

Fransa Bankının rəhbəri: Fransa tədricən boğulma təhlükəsi ilə üz-üzədir

Fransa Bankının rəhbəri Fransua Villerua dö Qalo ölkənin maliyyə vəziyyəti ilə bağlı ciddi xəbərdarlıq edib. O bildirib ki, Fransa hazırda “iflas təhlükəsi” altında olmasa da, “tədricən boğulma” riski ilə üzləşib.

“İki sahil” xəbər verir ki, Fransa Bankının rəhbəri Villerua dö Qalo bu fikri “Lq Croix” qəzetinə verdiyi müsahibədə deyib. O, qeyd edib ki, ölkənin ictimai maliyyə vəziyyəti getdikcə pisləşir və bu, iqtisadi dinamikanın zəifləməsinə gətirib çıxara bilər.

Onun sözlərinə görə, beynəlxalq reytinq agentliyi Moody’s Fransanın kredit reytinqini dəyişməz saxlayıb, lakin “mənfi perspektiv” əlavə edib. “Bütün reytinq agentlikləri Fransa siyasətindəki qeyri-sabitlikdən və ciddi büdcə problemlərindən narahatdır”, – deyə Fransa Bankının rəhbəri vurğulayıb. O, vəziyyəti təhlil edərk vurğulayıb ki, “Fransa iflas etməyəcək, xüsusilə də artan faiz ödənişləri səbəbindən, amma boğulma təhlükəsi altındadır”.

Villerua dö Qalo, həmçinin, Fransanın siyasi sistemində “davamlı parçalanma” riskinə diqqət çəkib. Onun sözlərinə görə, son hökumətlər çox zaman parlamentdə sabit çoxluq qazana bilmədikləri üçün, bu vəziyyət dövlət institutlarının effektiv işləməsinə mane olur.

Fransa Bankının rəhbəri ölkənin dövlət borcunun rekord həddə çatdığını xatırladaraq deyib ki, 2025-ci ilin sentyabrına olan məlumata görə, Fransanın borcu 3,4 trilyon avronu keçərək ÜDM-in 115,6%-nə bərabər olub.

“Bizim spesifik problemimiz büdcədir”, – deyə Villerua de Qalo bildirib. O, iqtisadi artım proqnozunun 2025-ci il üçün 0,7% olacağını və yeni iş yerlərinin yaradılmasının davam etdiyini qeyd edib.

Onun sözləri ölkədə maliyyə siyasətinin istiqaməti barədə geniş müzakirələrə səbəb olub. O, Fransa hökumətini israfçılığa son qoymağa və maliyyə sabitliyini bərpa etməyə çağırıb.