ABŞ Prezidenti Donald Tramp ölkənin milli Hərbi Dəniz Qüvvələrinin tərkibini yeniləmək və onları "Qızıl donanma"ya ("Golden Fleet") çevirmək istəyir.
“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Ağ Ev və Hərbi Dəniz Qüvvələrinin rəsmiləri mövcud donanmanın yerinə Çin və digər potensial təhdidlərə daha effektiv cavab verə biləcək yeni donanmanın yaradılması imkanını müzakirə edirlər. Qəzet qeyd edib ki, müzakirələr ilkin mərhələdədir və Tramp da bu prosesdə iştirak edir.
Hazırda ABŞ Hərbi Dəniz Qüvvələri, əsasən, esmineslərdən, kreyserlərdən, aviadaşıyıcılardan, sualtı qayıqlardan və desant gəmilərindən ibarətdir. Gözlənilir ki, "Qızıl donanma"ya uzaqmənzilli raketlərlə təchiz olunmuş iri hərbi gəmilər daxil olacaq. Bundan əlavə, Ağ Ev və Pentaqon yeni, etibarlı zirehli gəminin yaradılması ilə bağlı danışıqlara başlayıb. Bu gəmi hipersəs raketləri daşımaq qabiliyyətinə malik olacaq.
Vaşinqton donanmanın tərkibində 280-300 gəminin, həmçinin "çox sayda pilotsuz gəminin" olacağını planlaşdırır. Qəzet bu planın həyata keçirilmə müddəti və dəyəri barədə məlumat verməyib.