26 oktyabr 2025 01:26
112

İsrailin müdafiə naziri: Qəzzanın altındakı tunellərin 60%-i hələ də məhv edilməyib

İsrail tərəfi hesab edir ki, Qəzza sektorunun altında fələstinli radikalların istifadə etdiyi yeraltı tunellərin 60%-i hələ də məhv edilməyib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats "X" hesabında paylaşım edib.

"Mən İsrail Müdafiə Qüvvələrinə göstəriş verdim ki, bizim nəzarətimiz altında olan "sarı zona"da tunellərin məhv edilməsini əsas vəzifəyə çevirsin", - deyə o yazıb.

Bundan əvvəl İsrail hakimiyyəti bildirmişdi ki, Qəzzanın mərkəzindən qoşunların geri çəkilməsindən sonra anklavın ərazisinin 53%-i onların nəzarəti altında qalıb.

"Strateji vəzifə Qəzzanın demilitarizasiyasıdır - bunun üçün terror tunellərinin tam məhv edilməsi və HƏMAS-ın silahsızlaşdırılması vacibdir", - deyə Kats əlavə edib.

Nazirin sözlərinə görə, İsrail tunellərin sökülməsini ABŞ ilə Qəzza sektorundakı vəziyyətin gələcək tənzimlənməsi ilə bağlı aparılan dialoqla paralel şəkildə həyata keçirəcək.