27 oktyabr 2025 16:38
106

Dünyada hələ də xarici aləmdən təcrid olunmuş 200-ə yaxın xalq yaşayır

Ekspertlərin fikrincə, dünyada hələ də xarici aləmdən təcrid olunmuş təxminən 200-ə yaxın xalq mövcuddur ki, onların da 95 faizi əsasən Braziliyada olmaqla, Amazon meşəsində yaşayır.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat “Survival International” təşkilatının xarici aləmlə əlaqə qurmaqdan imtina edən yerli icmalar barədə apardığı ilk genişmiqyaslı tədqiqatının nəticələrində öz əksini tapıb. Tədqiqat müəlliflərinin sözlərinə görə, təcili tədbirlər görülməsə, bu xalqların və ya qrupların təxminən yarısı on il ərzində məhv ola bilər. Uzun illərdir bu icmaların yaşadığı ərazilərdə meşələrin qırılması, mədənlərin fəaliyyəti və maldarlıq onları təhlükə altında qoyur. İqlim dəyişikliyi də vəziyyəti ağırlaşdıran əsas amillərdən biridir.

Son illərdə isə bu təhdidlərə yeni risklər də əlavə olunub. İnsan haqları müdafiəçilərinin məlumatına görə, hazırda belə xalqlar narkotik ticarəti ilə məşğul olan cinayətkar qrupların, yevangelist təşkilatlar tərəfindən maliyyələşdirilən missionerlərin və onlarla əlaqə quraraq sosial mediada qazanc əldə etməyə çalışan blogerlərin təsiri altındadır.