01 noyabr 2025 14:20
119

Fransada sənaye müəssisələrinin bağlanması son 15 ilin ən yüksək səviyyəsinə çatıb

Fransada sənaye müəssisələrinin bağlanması son 15 ilin ən yüksək səviyyəsinə çatıb. Yeni təyin olunmuş sənaye üzrə nazir Sebastyen Martin bu vəziyyətin ölkənin iqtisadi təhlükəsizliyini təhdid etdiyini bildirib və Fransanı təcili olaraq yenidən sənayeləşdirməyə çağırıb.

“İki sahil” xəbər verir ki, nazir bu barədə BFM Business telekanalına verdiyi açıqlamada deyib. O, etiraf edib ki, son aylarda ölkədəki siyasi qeyri-sabitlik iqtisadi artıma mənfi təsir göstərib. Onun sözlərinə görə, bu vəziyyət Fransa iqtisadiyyatına təxminən 9 milyard avroya və minlərlə iş yerinin itirilməsi ilə başa gəlib.

S.Martin vurğulayıb ki, hökumət daha uzağa getməli və daha sürətli hərəkət etməlidir: “Vəziyyət qənaətbəxş deyil. Biz 20 il əvvəl sənayenin qorunmasının vacibliyini anlamırdıq, indi isə hamı qəbul edir ki, bu, strateji bir səhv idi”.

Sənaye üzrə Nazirliyin məlumatına əsasən, 2025-ci ilin ilk yarısında yalnız 65 yeni zavod açılıb, lakin 80 müəssisə fəaliyyətini dayandırıb. Bu göstəricilər 2009-cu ildən bəri ən aşağı səviyyə sayılır.

Nazir 2020-ci ildəki COVID-19 pandemiyasını xatırladaraq, həmin dövrdə Fransanın sadə tibbi maska istehsal edə bilmədiyini misal gətirib. Onun fikrincə, bu təcrübə Fransa üçün strateji müstəqilliyin bərpasının zəruriliyini göstərib.

Sebastyen Martin xəbərdarlıq edib ki, dövlət ağıllı müdafiə siyasəti aparmasa, Fransa sənayesi beynəlxalq rəqabət qarşısında zəif mövqedə qala bilər. “Qarşımızda bizə güzəşt etməyə hazır olmayan rəqiblər var”, - deyə nazir vurğulayıb.

Yeni sənaye nazirinin açıqlamaları Fransada iqtisadi dirçəliş və strateji sənayeləşmə prosesinin növbəti mərhələyə keçdiyini göstərir. Lakin ekspertlərin fikrincə, bu məqsədlərə çatmaq üçün Paris inzibati sadələşdirmə, texnoloji investisiyalar və Avropa bazarında daha aqressiv sənaye siyasəti həyata keçirməlidir.