02 noyabr 2025 14:02
159

Oftalmoloqların XIV Regional Konfransı keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində XIV Regional Konfrans keçirilib. Artıq ənənəyə çevrilən və hər il ölkənin müxtəlif bölgələrində təşkil olunan bu tədbir oftalmoloji xidmətlərin regionlarda inkişafı, həkimlər arasında elmi-praktik əməkdaşlığın genişləndirilməsi, o cümlədən müasir tibbi texnologiyaların tətbiqinin təşviqi məqsədi daşıyır.

“İki sahil” xəbər verir ki, konfransın əsas məqsədi oftalmologiya sahəsində aparılan son elmi tədqiqatların nəticələrini, yeni texnologiyaları və innovativ müalicə üsullarını təqdim etmək, həmçinin bu yeniliklərin praktiki tibbi fəaliyyətə tətbiqi imkanlarını müzakirə etmək və region həkimlərinin iştirakını təmin etməkdir. Tədbir region və paytaxt oftalmoloqları arasında bilik və təcrübə mübadiləsini gücləndirməklə, ölkə üzrə oftalmoloji xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edib. 

Konfransda paytaxt və regionlardan olan tanınmış mütəxəssis və alimlər iştirak ediblər.

Tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini, t.e.d. Hicran Namazova, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktor müavini Ceyhun Nəzərli, Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölmənin müdiri, t.e.d. Yazgül Abdıyeva, həmçinin t.ü.f.d. Fərəh Abduləliyeva, t.ü.f.d. dos. Qurban İsmayılov, t.e.d. Nizami Bağırov, t.ü.f.d. Səbinə Məcidova, t.ü.f.d. Qafar Tağıyev və dr. Emin Əlihüseynli moderator qismində çıxış ediblər.
Konfransda dr. Ceyhun Nəzərli, t.e.d. Yazgül Abdıyeva, t.ü.f.d. Mirana Mirişova, t.ü.f.d. Fərəh Abduləliyeva, dr. Emin Əlihüseynli, t.ü.f.d. Qafar Tağıyev, dr. Günay Əliyeva, dr. Elçin Əsgərov, dr. Ramilə Əhmədova, dr. Şəfaqət İmranova və dr. Səbinə Quliyeva tərəfindən müxtəlif mövzularda məruzələr təqdim olunub.
Məruzələr “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının 20 illik təcrübəsi”, “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin dünəni və bu günü”, “SMILE Pro – lazer görmə korreksiyasının innovativ üsulu”, “Keratokonus diaqnozu ilə xəstələrdə torik intraokulyar linzaların implantasiyası”, “Yarımçıqdoğulmuşlarda retinopatiya-skrininq”, “Miopiyanın diaqnostika və müalicəsində süni intellekt və rəqəmsal həll yolları”, eləcə də “Azərbaycan dilində ilk klinik qərar dəstəyi sistemi olan ‘OftalmoAssist’ süni intellekt alətinin imkanları və inkişaf perspektivləri” və s. kimi mövzuları əhatə edib.
Həmçinin konfransda çıxış edən t.e.d. Hicran Namazova regional konfransların Azərbaycanın bütün bölgələrində oftalmoloji xidmətlərin inkişafında mühüm rol oynamasından bəs edib. 
Məruzə ilə çıxış edən dr. Ceyhun Nəzərli Mərkəzin səyyar klinikasının 20 illik fəaliyyəti barədə məlumat verib. O, Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilən “Böyük Qayıdış” proqramına qoşularaq Səyyar Klinika tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda -  Laçın, Zəngilan, Füzuli, Xankəndi, Cəbrayıl, Şuşa və Ağdam rayonlarında təşkil olunan humanitar tibbi aksiyalardan bəhs edib.