Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının nümayəndələri Vətənimizin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş igid oğulların ailələrini ziyarət ediblər. Ziyarət çərçivəsində şəhid Nadirov Samir, Yusifov Mehman, Ağalıyev Müzəffər, Əhmədov Kənan və Abışov Telmanın ailələri evlərində ziyarət olunub.
“İki sahil” xəbər verir ki, görüşlər zamanı şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb, ailə üzvlərinə başsağlığı verilib. Partiya nümayəndələri şəhid ailələrinin sosial durumu və gündəlik qayğıları ilə maraqlanaraq onlara mənəvi dəstək göstəriblər. Qeyd olunub ki, Azərbaycan dövləti şəhid ailələrinin sosial müdafiəsini və rifahını daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə həyata keçirilən tədbirlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir.
Bununla yanaşı, şəhid Cəbizadə Əbil, Bəktiyev Müşfiq, Fətullayev Tərlan, Hüseynov Elçin, Həsənquliyev Səbuhi, Alməmmədov Təbriz, Əliyev Səmid, Yusifov Hüseyn, Babayev Pərvin və Rzayev Məhəmmədin ailə üzvləri YAP Sumqayıt şəhər təşkilatında təşkilatın sədri Ramiz Hüseynov ilə görüşüblər.
Görüş zamanı şəhid ailələrinin üzvləri ilə səmimi söhbət aparılıb, onların fikirləri, təklifləri və müraciətləri dinlənilib. Təşkilat sədri Ramiz Hüseynov bildirib ki, şəhidlərimizin əziz xatirəsini uca tutmaq, onların ailələrinə diqqət və qayğı göstərmək hər bir vətəndaşın mənəvi borcudur. O vurğulayıb ki, bu gün Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü şəhidlərimizin canı və qanı bahasına təmin edilib.
Ramiz Hüseynov əlavə edib ki, Yeni Azərbaycan Partiyası tərəfindən şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması və onların daim diqqət mərkəzində saxlanılması istiqamətində tədbirlər ardıcıl şəkildə həyata keçirilir.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Onlar vurğulayıblar ki, dövlətin və Yeni Azərbaycan Partiyasının daim onların yanında olması onlara böyük mənəvi dayaq verir və bu qayğı şəhid ailələri tərəfindən qürurla qarşılanır.
Sonda Ramiz Hüseynov qeyd edib ki, şəhid ailələrinin ziyarəti partiyanın mənəvi borcu olmaqla yanaşı, gənc nəsildə vətənpərvərlik, milli həmrəylik və dövlətə sədaqət hisslərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, YAP Sumqayıt şəhər təşkilatı bundan sonra da şəhid ailələrinin sosial rifahının yüksəldilməsi və şəhidlərin xatirəsinin daim uca tutulması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.