03 noyabr 2025 17:34
267

Konstitusiya və Suverenlik – dövlətin davamlı inkişafının əsas təminatıdır

Noyabrın 3-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində, 12 Noyabr-Konstitusiya Günü münasibətilə “Konstitusiya və Suverenlik-dövlətin davamlı inkişafının əsas təminatıdır” adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə ziyalılar, mədəniyyət işçiləri, təşkilatçı müəssisələrin əməkdaşları və YAP fəal gəncləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev   çıxış edərək 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən  – Azərbaycan Respublikasının Konstitusiya Gününü müstəqil dövlətimizin əsas qanunu və xalqımızın azadlıq, bərabərlik və ədalət prinsiplərinə sadiqliyini ifadə etməsindən danışdı.  O, qeyd etdi ki, Konstitusiyamız hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatçısı, dövlətin dayağı və cəmiyyətin inkişafının əsas sütunudur. O, Azərbaycan xalqının iradəsini, milli ruhunu və suverenliyini özündə əks etdirir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən bu sənəd ölkəmizin gələcək inkişafının hüquqi bazasını yaratdı. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin dəyərlər qorunur, dövlətimiz daha da möhkəmlənir, xalqımız rifah içində yaşayır.

Sonra Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Qızılavar kənd tam orta məktəbin direktoru Lətifə Qədərzadə, Boradigah qəsəbə 2 saylı tam orta məktəbin müəllimi Nuridə Qasımova və Vətən müharibəsi qazisi Talib Qəzənfərli çıxış edərək Konstitusiyanın dövlətin idarəetmə sistemində və hüquqi bazasında əhəmiyyəti, vətəndaş hüquq və azadlıqlarının təminində rolu, eləcə də gənclərin vətənpərvərlik tərbiyəsinin önəmi barədə fikirlərini bildiriblər. “Hər birimizin borcudur ki, Konstitusiyamızı dərindən öyrənək, onun prinsiplərinə əməl edək və vətəndaş kimi cəmiyyətimizə fayda verək. Çünki güclü dövlət – qanunun aliliyinə, insan hüquqlarına hörmətə və vətəndaş məsuliyyətinə əsaslanır”.