04 noyabr 2025 11:24
122

Komitə sədri 16 yaşına çatmayanların evliliyinin qadağan edildiyini açıqlayıb

Həm qızlar, həm də oğlanlar üçün nikah yaşının 18 olaraq müəyyən olunmasına nail olmuşduq. Lakin bu sahədə bəzi istisnalar qalmaqda idi.

“İki sahil” xəbər verir ki, bunu bu gün “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” adlı mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış zamanı səsləndirib.

O qeyd edib ki, mövcud istisnalar həm bu şəxslərin hüquqlarının pozulmasına şərait yaradırdı, həm də bu pozuntuların mümkünlüyü qanuna zidd hərəkətlərin baş verməsinə gətirib çıxarırdı.

“Eyni zamanda, 2014-cü ildən etibarən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi ilə bağlı məcburi qaydanın tətbiqi bu sahədə kifayət qədər müsbət nəticələrin əldə olunmasına imkan verib. Bununla belə, problemlər hələ də qalmaqdadır və biz onların aradan qaldırılması üçün müvafiq qanunvericilik təşəbbüsləri ilə çıxış edirik”, - deyə komitə sədri bildirib.

Bahar Muradova vurğulayıb ki, bu istiqamətdə inzibati tədbirlərin gücləndirilməsini nəzərdə tutan bir sıra dəyişikliklər edilib.

“Belə ki, 16 yaşına çatmayan şəxslərin evliliyə dair razılaşmaya daxil olması – yəni ailələr arasında bu mövzuda hər hansı razılığın əldə edilməsi artıq qadağan olunub. Eyni zamanda, yetkinlik yaşına çatmayan şəxslərin evliliyi ilə bağlı mərasimlərin keçirilməsi də qanunla qadağan edilib”, - deyə o əlavə edib.

Komitə sədri bildirib ki, 16 yaşına çatmayan şəxslərin evliliyinin təşkili və keçirilməsi ilə bağlı cinayət məsuliyyəti müəyyən olunub: “Bu hallarda həm nikah mərasimlərini təşkil edən şəxslər, həm də bələdiyyə və yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları cinayət məsuliyyətinə cəlb oluna bilərlər”.