05 noyabr 2025 12:33
117

Metroda təlim keçirilib

Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC metronun “Neftçilər” və “Xalqlar Dostluğu” stansiyalarında taktiki-xüsusi təlim keçirib.

FHN-in mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili"ndən ibarət olub və təlimə rəhbərlik nazirliyin Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə FHN-in “112” qaynar telefon xəttinə metronun “Neftçilər” və “Xalqlar Dostluğu” stansiyalararası 1-ci yol mənzilində yerləşən 203b drossellərdə “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub

Şərti hadisə ilə bağlı metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq etməklə “zərərçəkmişlər”ə “ilkin yardım” göstərilərək təxliyəsi həyata keçirilib.

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN-in və metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarla mübarizə üzrə fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 8 ədəd texnikası və 64 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.