05 noyabr 2025 16:53
109

Qaydaları pozan piyadalara qəza görüntüləri göstərildi

Paytaxtın Səbail rayonu ərazisində “Piyadalar, diqqətli olun” şərti adı altında növbəti profilaktik tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin və Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təşkil olunan tədbir zamanı yol hərəkəti qaydalarını pozaraq müəyyən edilməyən yerlərdən yolu keçən piyadalar müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb və inzibati tənbeh tədbirləri görülüb.

Maarifləndirmə zamanı piyadalara bir daha izah olunub ki, qaydaların pozulması, xüsusilə də keçidlərdən kənar yerlərdən yolu keçmək təkcə qayda pozuntusu deyil, həm də birbaşa həyat təhlükəsi yaradır. Qayda pozan bir çox piyadalara yaxın zamanda həmin ərazidə baş vermiş və piyada ölümü ilə nəticələnmiş hadisələrin videogörüntüləri göstərilərək, bu cür məsuliyyətsizliyin faciə ilə nəticələnə biləcəyi xatırladılıb.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə piyadaları yollarda diqqətli olmağa, keçidlərdən istifadə etməyə və şəxsi təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.