07 noyabr 2025 16:30
116

“Azərikimya” İB-də şanlı Zəfərimizin 5-ci ildönümü qeyd olunub - FOTO

Vətən müharibəsində tarixi Zəfərimizin 5-ci ildönümü münasibətilə SOCAR-ın Sumqayıt şəhərində yerləşən “Azərikimya” İstehsalat Birliyində (İB) təntənəli tədbir keçirilib.

Mərasimdə “Azərikimya” İB-nın müəssisələrində çalışan şəhid ailələri, qazilər, müharibə veteranları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daha sonra “Zəfərə aparan yol” adlı videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli qeyd edib ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. O, bildirib ki, bu Qələbə Azərbaycan xalqının birliyinin, ordumuzun qüdrətinin və Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsidir. Elnur Məmmədli şəhidlərin və qazilərin göstərdikləri igidliyin heç vaxt unudulmayacağını, onların xatirəsinin daim uca tutulacağını bildirib. Vurğulanıb ki, “Azərikimya” kollektivi ölkənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, vətənpərvərlik dəyərlərinin qorunmasına da xüsusi önəm verir.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Zəfər Gününün xalqımızın qürur mənbəyi olduğunu qeyd edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi, işğal altında olan torpaqlarımız azad olundu. Zakir Fərəcov vurğulayıb ki, bu Qələbə təkcə hərbi gücün deyil, həm də xalqın birliyinin və dövlətə sədaqətinin təzahürüdür. O, Sumqayıtda və bütün ölkə üzrə şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Şəhər rəhbəri, həmçinin azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, ölkənin güclənən iqtisadi potensialından danışıb.

Tədbirdə Birinci Qarabağ müharibəsində həyat yoldaşı şəhid olmuş Təranə Əhlimanova, İkinci Qarabağ müharibəsində oğlu şəhidlik zirvəsinə yüksəlmiş Tərlan Əliyeva, Birinci Qarabağ müharibəsi veteranı Məhəmməd Behbudov, İkinci Qarabağ müharibəsi qazisi Ramiz Qasımov Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətinə toxunublar. Onlar qeyd ediblər ki, 8 Noyabr Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir və bu tarix gələcək nəsillər üçün vətənpərvərlik nümunəsidir. Çıxışlarda şəhidlərin əziz xatirəsinin daim uca tutulacağı, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqətin davam etdiriləcəyi bildirilib.

Sonda tədbir iştirakçıları Vətən müharibəsində Zəfərimizin beşinci ildönümü münasibətilə bir daha xalqımıza təbriklərini çatdırıb, Azərbaycanın gələcək inkişafı və möhkəm sülhün bərqərar olması arzularını ifadə ediblər.

Tədbir incəsənət ustalarının konsert proramı ilə davam etdirilib.

Orxan Vahidoğlu, “İki sahil”