Ekspert: Qeyd etmək lazımdır ki, günümüzdə taksi fəaliyyətini əyləncə naminə yerinə yetirən, gündəlik və qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün artıq bu fəaliyyət əlçatmaz olub
Azərbaycanda taksi xidməti göstərən sürücülərin peşəkarlığının yoxlanılması məqsədilə imtahan sisteminin tətbiq olunması nəqliyyat sektorunda aparılan islahatların növbəti mərhələsi kimi qiymətləndirilir. Bu qərar həm sərnişin təhlükəsizliyini təmin etməyə, həm də xidmət keyfiyyətini artırmağa yönəlib. İmtahan mexanizmi taksi bazarında şəffaflığı, məsuliyyətliliyi və təhlükəsizliyi təmin etməklə yanaşı, ictimai nəqliyyatın keyfiyyət göstəricilərini də yüksəltməyi hədəfləyir.
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkəmizdə fəaliyyət göstərən taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçirlər. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə xüsusi hazırlığın nəticələrinə dair qiymətləndirmənin aparılması və aparılmış qiymətləndirməyə əsasən, sürücülərə müvafiq sənədin verilməsi Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə edilib. Xatırladaq ki, xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün ilk imtahan 2024-cü il avqustun 25-də keçirilib.
Bu il dekabrın 2-də xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçiriləcək.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, taksi minik avtomobili sürücüləri sürücülük peşəsində çalışdıqları üçün bu peşənin təlimlərinin, hazırlıq kurslarının olması və imtahanla işə qəbulun təşkili mütləqdir: “Xüsusilə taksi sürücülüyünü bir peşə kimi seçənlər üçün bu şəraitin yaradılması məqsədəuyğun addım hesab olunur. Qeyd etmək lazımdır ki, günümüzdə taksi fəaliyyətini əyləncə naminə yerinə yetirənlər və ya gündəlik və qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün artıq bu fəaliyyət demək olar ki, əlçatmaz olub.”
Ekspert qeyd etdi ki, taksi minik avtomobili sürücülərinin hazırlıq kursu keçməsi və imtahan mexanizmi ilə işə qəbulunun təşkili prosesi tətbiq olunandan etibarən qəzalı və ya köhnə avtomobil ilə fəaliyyət göstərən, əyləncə naminə taksi fəaliyyəti ilə məşğul olan və ya sərxoş vəziyyətdə avtomobil idarə edən taksi sürücülərinin fəaliyyəti ilə rastlaşmırıq.
Şahnigar Əhmədova, “İki sahil”