8 Noyabr – Zəfər Günü münasibətilə Kolumbiyanın, eləcə də Latın Amerikasının aparıcı ali təhsil müəssisələrindən biri sayılan Xaveriana Universitetində mühazirə təşkil olunub. Tədbir universitetin “Diplomatlarla dialoq” təşəbbüsü çərçivəsində baş tutub. Mühazirədə kolumbiyalı tələbələrlə yanaşı, bu ali məktəbdə mübadilə proqramları vasitəsilə təhsil alan xarici tələbələr də iştirak ediblər.
“İki sahil” xəbər verir ki, mühazirə zamanı Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbə, onun tarixi və siyasi nəticələri barədə ətraflı məlumat verilib. Zəfər Gününün dövlətçilik və hərb tariximizdəki əhəmiyyəti vurğulanıb, xalqımızın bu qələbəni hər il 8 noyabrda qürur və iftixarla qeyd etdiyi bildirilib.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri haqqında danışılıb. Ermənistanın uzun illər həyata keçirdiyi işğal və mina terrorunun ağır nəticələrinə baxmayaraq, “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 50 mindən çox vətəndaşımızın öz doğma yurdlarına qayıtdığı qeyd olunub.
Mühazirədə həmçinin Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesi barədə məlumat verilib. Avqustun 8-də Vaşinqtonda paraflanmış yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasının vacibliyi diqqətə çatdırılıb.
Bundan əlavə, Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar və inkişaf perspektivləri, o cümlədən Zəngəzur dəhlizinin reallaşmasının, nəqliyyat-kommunikasiya xətlərinin açılmasının və iqtisadi əlaqələrin qurulmasının regionda dayanıqlı sülhə və əməkdaşlığa töhfə verəcəyi vurğulanıb.
Tədbirin sonunda iştirakçılara Azərbaycan ali təhsil müəssisələrinin təklif etdiyi təhsil və təqaüd proqramları barədə məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
ADSEA tərəfindən Ceyranbatan su anbarının ərazisində ağacəkmə aksiyası təşkil olunub