08 noyabr 2025 12:47
100

Şuşada Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir

44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin beşinci ildönümü ilə bağlı Şuşa şəhərində “8 Noyabr - Zəfərin təntənəsi” adlı silsilə tədbirlərə start verilib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərə Şuşa şəhər 1 nömrəli tam orta məktəbdən başlanılıb.

Məktəbin dəhlizində şagirdlərin Zəfər Günü mövzusunda hazırladıqları əl işləri və rəsm əsərləri sərgilənir. Tədbirdə məktəblilərin Zəfər Gününə həsr etdikləri şeir kompozisiyası, rəqs və musiqi nömrələri nümayiş olunacaq.

Bundan başqa gün ərzində “Şuşa Hotel”də sakinlərin rəsm əsərləri, “Güllü bağ”da isə əl işlərindən ibarət sərgi təşkil ediləcək. Burada Zəfər Gününə həsr edilmiş konsert, həmçinin Qarabağ Universiteti və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə birgə konsert olacaq.

Bayram tədbirləri axşam saatlarında Şuşa qalasında atəşfəşanlıqla başa çatacaq.