Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr – Konstitusiya Gününün 30 illiyi münasibətilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Tahir Mirkişili, deputatlar Bəhruz Məhərrəmov, Pərvanə Vəliyeva, Nizami Rayon Məhkəməsinin sədri İlham Kərimli, Nizami rayon prokuroru Pərviz İbayev, Nizami Rayon Polis İdarəsinin rəisi Ziya Əliyev, Keşlə “Şah Abbas” məscidinin imamı Sirac Səfərov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.
Qeyd olunub ki, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. 30 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etməklə dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayıb. Bu, ölkənin ilk müstəqil Konstitusiyası olmaqla, onun demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasını təmin edən əsas qanundur.
Bildirilib ki, ilk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.
Vurğulanıb ki, Konstitusiyamızda Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməyib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, sərkərdəlik məharəti, hərbi-siyasi diplomatiyası və Azərbaycan Ordusunun şücayəti sayəsində Vətən müharibəsində qazanılmış tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub.
Diqqətə çatrıdılıb ki, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümlərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması Azərbaycan dövlətçiliyinin əsaslarının daha dərindən dərk edilməsi, gələcək nəsillərə ötürülməsi və eyni zamanda Azərbaycanın hüquqi və dövlətçilik inkişafının daha da gücləndirilməsi üçün xüsusi əhəmiyyət daşıyan tarixi bir qərardır.