Lənkəran şəhər 9 saylı körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. İndi burada xalqın gələcəyi olan uşaqların sağlam, savadlı, vətənpərvər böyüməsi üçün əlverişli şərait vardır. Görkəmi ilə diqqət çəkən bağça 225 yerlik olmaqla 10 qrupa bölünür. Bağçanın bütün otaqları geniş və işıqlıdır. Azyaşlıların zövqünə uyğun dizayn edilib, onların rahatlığını, istirahətini təmin etmək üçün əlvan rəngli inventarla təchiz olunub. Müxtəlif yaş qruplardan ötrü məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana əsaslı şəkildə təmir edilib, balaca fidanların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onlarda bacarıq və istedadları aşkarlamaq üçün hərtərəfli şərait yaradılıb.
Bir sözlə, balacalar bağçada təkcə bilik deyil, həm də mehribanlıq, dostluq və qayğı hisləri ilə vətənpərvər boya-başa çatar, gülüşü, sevinci bu məkanın ən böyük bəzəyi olacaq.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü