02 dekabr 2025 09:39
248

Kolumbiya televiziyası deputatlarımızın səfərini işıqlandırıb

Kolumbiya Konqresinin rəsmi televiziya kanalı Milli Məclisin Azərbaycan–Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Cəfərov və qrupun üzvü Müşfiq Məmmədlinin bu ölkəyə səfəri barədə reportaj yayımlayıb.

“İki sahil” xəbər verir ki, süjetdə azərbaycanlı deputatların səfərinin iki ölkə arasında işgüzar əlaqələrin, qarşılıqlı anlaşmanın və parlamentlərarası münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunub. Bildirilib ki, səfər hər iki parlamentdə fəaliyyət göstərən işçi qruplarının Azərbaycan və Kolumbiya arasında əməkdaşlığı, siyasi dialoqu və qarşılıqlı etimadı gücləndirməyə yönəlmiş birgə səylərinin nəticəsidir. Materialda Azərbaycan parlamentinin nümayəndələrinin Kolumbiya Konqresinin iclaslarında iştirak etdiyi, həmçinin səfər çərçivəsində keçirilən görüşlərdə ticarət, təhsil, mədəniyyət və texniki əməkdaşlıq kimi qarşılıqlı maraq doğuran sahələrin inkişafı ilə bağlı fikir mübadiləsi apardıqları vurğulanıb.

Süjetdə həmçinin qonaqlar göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlıq ifadə edib, Kolumbiyadan xoş təəssüratlarla ayrıldıqlarını və gələcəkdə qarşılıqlı səfərlərin daha da intensivləşəcəyinə əmin olduqlarını bildiriblər. Onlar Kolumbiya tərəfinə keçmiş münaqişə və Xocalı soyqırımı ilə bağlı nümayiş etdirdiyi ədalətli mövqeyə görə xüsusi təşəkkürlərini çatdırıblar. Süjetin sonunda bu səfərin Azərbaycan və Kolumbiya arasında parlament diplomatiyasının inkişafında yeni mərhələ açdığı vurğulanıb.