13 dekabr 2025 16:05
138

Xəstəxana Sumqayıtda 27 yaşlı qadının abortdan sonra ölməsi ilə bağlı iddiaya cavab verib

Sumqayıt Tibb Mərkəzi Sumqayıtda abortdan sonra öldüyü iddia edilən qadın barədə açıqlama yayıb.

“İki sahil” xəbər verir ki, dekabrın 12-də saat 14:00 radələrində 1998-ci il təvəllüdlü qadın 1 nömrəli Şəhər Xəstəxanasının Ginekologiya şöbəsinə kəskin ishal, ürəkbulanma və qusma şikayətləri ilə müraciət edib.

Qeyd olunub ki, anamnezə əsasən, xəstəyə 8 dekabrda 8–9 həftəlik əkiz hamiləlik səbəbilə tibbi abort tətbiq olunub, prosedur fəsadsız keçib:

"Müşahidə prosesində xəstənin vəziyyətinin sürətlə ağırlaşdığı, tənəffüs çatışmazlığının inkişaf etdiyi və oksigen saturasiyasının azaldığı qeydə alınıb. Bununla əlaqədar dekabrın 12-də saat 19:30 radələrində xəstə intubasiya edilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan laborator müayinələr, o cümlədən qan qazının analizi nəticəsində kəskin laktik asidoz aşkarlanıb, klinik və laborator göstəricilərə əsasən septik şok diaqnozu təyin olunub".

"Dekabrın 13-də saat 10:30 radələrində xəstənin ümumi vəziyyətində kəskin ağırlaşma qeydə alınıb, saat 10:50 radələrində mövcud klinik protokollara uyğun aparılan intensiv reanimasiya tədbirlərə baxmayaraq, poliorqan çatışmazlığı fonunda bioloji ölüm faktı qeydə alınıb", - Tibb Mərkəzindən vurğulanıb.