25 dekabr 2025 12:36
105

Bu da KXDR-in ATOM SUALTI QAYIĞI

KXDR lideri Kim Çen In strateji idarə olunan raketlərlə təchiz ediləcək atom sualtı qayığının tikildiyi əraziyə baş çəkib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

KXDR lideri ölkənin “nüvə qalxanının” daha da gücləndirilməsinə çağırıb və bunu indiki nəslin borcu adlandırıb.

Kim Çen In 8,7 min tonluq atom sualtı qayığını yoxlayıb. O, yeni “gizli sualtı silahlar” barədə aparılan tədqiqatla tanış olub, həmçinin Hərbi Dəniz Qüvvələrinin yenidən təşkili və yeni bölmələrin yaradılması ilə bağlı strateji planları açıqlayıb. Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KTTA) məlumat verib.

Şimali Koreya lideri bildirib ki, strateji zərbə üçün nəzərdə tutulan atom sualtı qayığının tikintisi KXDR-in özünü müdafiəsi üçün çox vacibdir. Onun fikrincə, Cənubi Koreyanın ABŞ ilə birlikdə atom sualtı qayığı hazırlamaq planları Koreya yarımadasında qeyri-sabitliyi daha da artıracaq.

Kim Çen In vurğulayıb ki, bunu ölkənin dəniz suverenliyinə qarşı təcavüz və təhlükəsizlik üçün ciddi təhdid kimi qiymətləndirirlər və buna cavab verilməlidir.

O həmçinin deyib ki, Pxenyan düşmənlərə strateji suverenlik və təhlükəsizliyə toxunmağın cəzasız qalmayacağını göstərməlidir. Əgər hərbi variant seçilərsə, sərt cavab zərbələri ilə üzləşəcəklərini bildirib.

Kim Çen In əmin edib ki, KXDR Hərbi Dəniz Qüvvələrini davamlı və hərtərəfli gücləndirəcək, müxtəlif səth və sualtı gəmilərin tikintisini sürətləndirəcək, onların sayını artıracaq və hücum silah sistemləri ilə birləşdirəcək.