25 dekabr 2025 19:33
102

Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı CMC kasetinin araşdırılması üzrə işlərin başa çatmasını gözləyir

"Azerbaijan Airlines" aviaşirkətinin Bakı-Qroznı reysi yerinə yetirən "Embraer 190" tipli təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaq uçün Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən yaradılmış komissiya Mərkəzi Texniki Xidmət Kompüterinin (Central Maintenance Computer) kasetinin araşdırılması üzrə işlərin başa çatmasını gözləyir.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqlamasında deyilir.

Bundan başqa, komissiya münaqişə zonalarının üzərində və ya yaxınlığında uçuşların yerinə yetirilməsi zamanı risklərin qiymətləndirilməsinin təhlili üzrə işçi qrupunun hesabatının hazırlanmasını gözləyir.

"Araşdırma komissiyası balanslı mövqe tutur və bütün nəticələr yalnız faktlara əsaslanacaq. Aviasiya hadisəsinin araşdırılmasının nəticələrinə dair yekun hesabat Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinin saytında dərc ediləcək", - sənəddə qeyd olunub.

Həmçinin bildirilir ki, araşdırma komissiyası iki işçi qrupu formalaşdırıb: Münaqişə zonalarının üzərində və ya yaxınlığında uçuşların yerinə yetirilməsi zamanı risklərin qiymətləndirilməsinin təhlili üzrə işçi qrupu.

Komissiya Rusiya Federasiyası və Azərbaycan Respublikasının aviasiya hakimiyyəti orqanları, həmçinin "Azerbaijan Airlines" aviaşirkəti tərəfindən təqdim edilmiş, risklərin qiymətləndirilməsi prosedurlarının təşkili və yerinə yetirilməsinə aid sənədləri təhlil edir. Bu iş çərçivəsində uçuşların təhlükəsizliyinin təmin edilməsi zamanı mülki və hərbi sektorların qarşılıqlı fəaliyyət məsələləri də nəzərdən keçirilir.

Bu məsələnin öyrənilməsi araşdırmanın mühüm elementlərindən biridir və görülmüş tədbirlərin qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyənləşdirməyə, eləcə də aviasiya hadisəsinin inkişafına təsir göstərə biləcək mümkün kənaraçıxmaları aşkarlamağa yönəlib.

Hidravlik sistemin fraqmentlərinin məkan əlaqəsini bərpa etmək məqsədilə ikinci işçi qrupu yaradılıb və Aktau şəhərində 2 nömrəli hidravlik sistemin elementlərinin rekonstruksiyası həyata keçirilib. İş yekunlaşıb, təhlil aparılır.