02 aprel 2026 10:52
128

Yaxın Şərqdə Hörmüz boğazından yan keçən boru kəmərlərinin inşası müzakirə olunur

Yaxın Şərq ölkələri neft və qaz ixracını Hörmüz boğazından yan keçməklə həyata keçirməyə imkan verəcək yeni boru kəmərlərinin tikintisini nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, region ölkələrinin Hörmüz boğazından keçən gəmiçilik marşrutlarından asılılığını azaltmaq üçün yeni boru kəmərlərinin tikintisi yeganə effektiv yol ola bilər. Bununla belə, belə layihələrin baha başa gələcəyi, siyasi baxımdan mürəkkəb olacağı və illər tələb edəcəyi qeyd olunur.

Məsələn, Səudiyyə Ərəbistanı hasil etdiyi neftin böyük hissəsini boru kəmərləri vasitəsilə ixrac etmək imkanlarını araşdırır. Məqsəd neftin İranın nəzarət etdiyi sulara düşmədən daşınmasını təmin etməkdir. Krallıq ya yeni kəmərlərin tikintisini, ya da “Şərq–Qərb” neft kəmərinin ötürücülük qabiliyyətinin artırılmasını nəzərdən keçirir. Bu kəmər Hörmüz boğazına alternativ marşrut kimi istifadə olunur.

Enerji resurslarının ixracı ilə bağlı problemlərin həlli variantlarından biri kimi ABŞ-ın təşəbbüsü ilə irəli sürülmüş Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizi layihəsinin yenidən aktivləşdirilməsi də müzakirə olunur. Körfəz ölkələrindən bir nümayəndə bildirib ki, bu təşəbbüs region üçün əlavə imkanlar yarada bilər.

İsrailin NewMed Energy şirkətinin baş direktoru Yossi Abu Aralıq dənizinə qədər uzanan boru kəmərlərinin tikintisinin mümkün olduğuna əminliyini ifadə edib. Onun sözlərinə görə, ölkələr öz gələcəklərini tərəfdaşları ilə birlikdə müəyyən etməlidir.