02 aprel 2026 11:22
121

Almaniya şirkəti Ukrayna üçün PUA istehsal edib

Almaniyanın Quantum Frontline Industries (QFI) şirkəti Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan "Linza" adlı pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyasının istehsalını başa çatdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə məlumat verilib. Bildirilir ki, hazırda istehsal həcmlərinin artırılması istiqamətində işlər davam edir.

QFI-nin açıqlamasına görə, Linza sistemləri Ukraynanın Frontline Robotics şirkəti tərəfindən hazırlanıb. Almaniyada təşkil olunan istehsal isə bu məhsulların sabit və genişmiqyaslı şəkildə buraxılışını təmin etməyə imkan verəcək.

Şirkətdən bildirilib ki, bu tədarük istehsalın qurulması mərhələsindən seriyalı istehsala keçidi ifadə edir və Almaniya–Ukrayna birgə istehsal modelinin praktik həyata keçirilməsinin başlanğıcıdır. Hazırda əsas diqqət istehsal güclərinin artırılmasına və il ərzində tədarüklərin sürətləndirilməsinə yönəlib.

QFI “Ukrayna ilə birlikdə qururuq” təşəbbüsü çərçivəsində yaradılmış ilk birgə müəssisədir və Almaniya ilə Ukrayna arasında pilotsuz aparatların ilk ortaq istehsal layihəsi hesab olunur. Şirkət Quantum Systems və Frontline Robotics tərəfindən təsis edilib.