02 aprel 2026 23:58
111

Aprel döyüşlərin qəhrəmanı

Əzəldən qəlbi Vətən, torpaq sevgisinə sevdalanan, 2016-ci ilin aprel döyüşlərində hünər göstərib Azərbaycan tarixinin şərəfli səhifəsinə adını yazan qazi Ramin Süleyman oğlu Hümmətov 12 sentyabr 2025-ci ildə ömrünün 40-cı ildə haqq dünyasına qovuşdu. O, özünü dərk edən gündən Vətənin azadlığı, xalqının xoş günləri naminə çalışıb. Odur ki, onun həyat yolu qısa olsa da, başdan-başa paklıq, saflıq dünyasına bənzəyir. Necə deyərlər, burada bəşər övladının bu işıqlı dünyada ləyaqətlə, şərəflə yaşaması üçün bütün müsbət keyfiyyətlər cəm olunub.

İndi adı dillərdən düşməyən Ramin Hümmətov 1985-ci ildə Lerik rayonu, Hamarat kəndində dünyaya göz açıb. Bir müddət keçəndən sonra ata ailəsini götürüb birgə Lənkəran rayonunun Kərgəlan kəndinə köçüb, ocaq qalayıb, burada yurd-yuva salıb. Ramin uşaqlıqdan qəlbi sevdalı boya-başa çatıb. Orta məktəbi başa vuranda gələcəyini xoş arzular üzrə qurub, insanlara fayda vermək onun əsas amalı olub. Qəlbində doğma Azərbaycana sonsuz məhəbbət yaşatmaqla 2003-cü ilə ordu sıralarına yola düşüb. Ön cəbhədə Vətənin keşiyində durmaqla ilk gündən cəsurluğu, vətənpərvərliyi, dosta sədaqəti, etibarı ona hörmət qazandırıb. Bir qayda olaraq verilən bütün tapşırıqları vaxtında, düzgün yerinə yetirib. Həmçinin komandirlərdən, təcrübəli əsgər dostlardan silahla rəftarı, döyüş qaydalarını böyük həvəslə öyrənib. Beləcə, birinci arzusu yağıya əsir düşən müqəddəs yurd yerimiz- Qarabağı azad edib qələbə ilə evə dönmək olan əsgər Ramin Vətən qarşısında borcunu şərəflə yerinə yetirib. Üzüağ doğma Lənkəran elinə dönəndə burada hamı onu məhəbbətlə qarşılayıb.

Ramin bir müddət halal zəhmətdən yapışıb. Onun gördükləri el üçün gərəkli olub, cəmiyyətə fayda verib. Özünə də gözəl həyat qurub. İncə ruhla, açıq qəlblə yaşayıb, düz ilqardan ürəklərə yol alıb. Bütün bunlara görə camaat Ramini əsl övlad məhəbbəti ilə sevib, hər yerdə ona dərin ehtiram göstəriblər. Ailə həyatı qurub, iki qız uşağın atası olub. Ailədə halallıq, etibar, sədaqət həmişə öndə durub. Günləri nə qədər xoş keçsə də, canından artıq sevdiyi Vətən torpaqların azadlığı naminə öz yerini cəbhə bölgəsində görüb və 2008-ci ildə müddətdən artıq hərbi xidmətə gedib. Məqamı gələndə yağıya qarşı sona qədər vuruşub qisas alacağına and içib.

Köksündə əsl qəhrəman ürəyi döyünən Raminin 8 ilik əsgər həyatı çoxuna nümunə göstərilib. Eləcə onun dünyagörüşünə, durumuna, savadına, hərbin sirlərini dərindən bilməsinə hamı heyran qalıb. Qaldı ki, Vətən torpaqlarının erməni işğalında qalması onu yandırıb-yaxıb. Hər an döyüş gününü gözləyib.

Nəhayət ki, Raminin arzuladığı gün gəlib. Erməni dığaları 2016-çı ilin aprelin 1-də Füzuli rayonu ərazisində yerləşən Lələ-təpə yüksəklikdən böyük qüvvə ilə hücuma keçib. Gərgin döyüşlər başlanıb. Çavuş Ramin gücünü yağıya göstərmək üçün öz dəstəsi ilə odun-alovun içinə girib. İgid Vətən oğlu qabaqda olmaqla Lələ-təpə yüksəkliyin alınmasında sözün əsl mənasında ermənilərə qan uddurub. Füzuli istiqamətində düşmənin xeyli sayda canlı qüvvəsini, texnikasını məhv edib. Atıldığı müharibə meydanlarında yağıdan ürəyincə qisas alan Ramin çox saylı mərmi qəlpəsindən ağır yaralanıb. Tez onu Əhmədbəyli hospitalına aparıblar. Ağır olsa da, hospitalda həkimlər ümidverici heç nə demirlər. Müdafiə Nazirliyinin hərbi vertolyotu ilə Bakıdakı Silahlı Qüvvələrin Mərkəzi Hospitalına çatdırilib. Vətənə, torpağa məhəbbəti sayəsində sağ qalıb. Dörd ay müalicədən sonra ailəsinin yanına qayıdıb. Döyüşlərdə göstərdiyi qəhrəmanlığı dövlət tərəfindən "Şücaətə görə” medalına layiq görülüb. El-oba Vətənin qeyrət sınağında millətin başını ucaldan mərd oğulu ilə fəxr edib.

Ramin yenidən gördüyü yaxşı işlərlə, xeyirxah əməllərlə cəmiyyət tərəfindən sevilib. O, öz xoşbəxtliyini xalqın ümumi səadətində, doğma yurdunun tərəqqisində görüb. Qurub-yaratmaqdan doymayıb , halal bir ömür yaşamaqla hamıya düzgün yol göstərib. Qayğıkeş ailə başçısı kimi də çoxu ondan nümunə götürüb . Vətən torpaqlarının düşmən tapdağından azad görmək Raminin ən böyük arzusu olub. 27 sentyabr 2020-ci ildə başlanan haqq savaşımıza sevinsə də, yağı ilə döyüşə getməyə yaraları, sağlamlıq durumu buna imkan vermir. Qaldı qazanılan zəfərimiz sanki ona yeni bir dünya bəxş edir...

Bəli, sağlığında Vətənə sevdalanmış Ramin Süleyman oğlu cismən aramızdan getdi. Torpağa gömülmədi, ürəklərdə özünə əbədi məkan qurdu. Gələcək nəsillər igidliyi, qəhrəmanlığı, Vətən sevgisini Ramin kimi oğullardan öyrənəcək və onun adı çəkiləndə qürur duyacaqlar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü