02 aprel 2026 17:10
69

Adanada rəngarəng görüntülər: BEYNƏLXALQ PORTAĞAL ÇIÇƏYİ KARNAVALI

Adanada 14-cü Beynəlxalq Portağal Çiçəyi Karnavalı start götürüb. Festival rəngarəng görüntülərlə yadda qalır, minlərlə ziyarətçi tədbir məkanlarına axışır.

Çukurova bölgəsində “baharın müjdəçisi” sayılan portağal çiçəyi ətrini bütün ölkəyə yaymaq məqsədilə təşkil edilən karnaval bu il “Apreldə Adanada” şüarı ilə 14-cü dəfə qapılarını açıb. Hər yaşdan olan vətəndaşların qatıldığı karnavalın açılış mərasimi Mərkəz Parkda keçirilib. Burada kababçı, şalgamçı ustaları ilə yanaşı, yerli və dünya mətbəxinə aid müxtəlif təamlar stendlərdə nümayiş etdirilib.

Karnaval 4 gün davam edəcək

Şəhərin rəmzlərini əks etdirən suvenirlərin yer aldığı festivalda əyləncəli tədbirlər çərçivəsində şəhərdə idman yarışları, konsertlər, sərgilər, eləcə də mədəniyyət və incəsənət proqramlarından ibarət geniş tədbirlər planı hazırlanıb. Şəhərdaxili və xarici qonaqların qatıldığı karnaval 4 gün davam edəcək.

Hataylı künefə ustası: Ümid tapdığımız bir məkandır

Hataydan olan zəlzələ zərərçəkmişi, künefə ustası Marufcan Bolat bildirib: “Zəlzələdə yaxınlarımızı itirmişik, hazırda toparlanma mərhələsindəyik. Hər il Portağal Çiçəyi Festivalında iştirak edirik. Festival çox canlı və rəngarəngdir, bu il də belə başladı. Ən əsası isə bura həyatın gətirdiyi stress və çətinliklərdən uzaqlaşıb ümid tapdığımız bir məkandır. Hər kəsi festivalımıza dəvət edirik”.

Mersindən festivala gələn universitet tələbəsi Elif Keskin deyib: “Universitet yoldaşlarımızla birlikdə Mersindən bu festivala gəlmişik. Bu gözəl havada bir araya gəlib əylənmək çox xoşdur. Hamını bu festivala qatılmağa çağırıram”.

Almaniyadan gələrək festivala qatılan Selver Bulut bildirib ki, festival haqqında məlumat əldə etdikdən sonra Adanaya gəliblər: “Bu tədbir şəhər haqqında əvvəlki təsəvvürlərimizi tam dəyişdi. Burada müxtəlif və maraqlı təamlar var, hər şeyi bir arada tapmaq mümkündür. ‘Bici bici’ni ilk dəfə dadıq, fərqli və maraqlıdır. Yeni olan hər şeyi sınamaq istəyirik”.

Şalgam istehsalçısı: Artıq bütün Avropaya yayılacaq

Şalgam istehsalçısı kimi stend açan İlhan İlbey isə qeyd edib ki, festival ərəfəsində şalgamın qeydiyyata alınması onlar üçün mühüm hadisədir: “Şalgam əsrlərdir bu bölgədə mövcuddur və artıq bütün Avropaya yayılacaq. Festival çox gözəl başlayıb. Hər kəsi şalgam içməyə dəvət edirik. Qonaqlar Adananın bütün yerli təamlarını dadmalıdırlar”.

Orxan Vahidoğlu, “İki sahil”