Alimlər gündəlik istehlak edilən bəzi meyvə və tərəvəzlərdə insan sağlamlığı üçün təhlükəli hesab olunan kimyəvi maddələrin mövcudluğunu açıqlayıblar. Məlumata görə, bu məhsullarda parçalanmayan kimyəvi maddələr kimi tanınan PFAS maddələri və pestisid qalıqları aşkarlanıb. Qeyd olunur ki, PFAS maddələri çox yavaş parçalanır və orqanizmdə toplanaraq uzunmüddətli dövrdə xərçəng də daxil olmaqla müxtəlif xəstəliklərə səbəb ola bilər.
İctimai sağlamlığın qorunması sahəsində çalışan fəallar və elm adamlarından ibarət qeyri-kommersiya təşkilatı olan Ətraf Mühit İşçi Qrupu (Environmental Working Group/ EWG) tərəfindən yayımlanan “Meyvə və tərəvəzlərdə pestisidlər üzrə 2026-cı il üçün alış-veriş Bələdçisi”ndə ən çox pestisid qalıqları olan məhsullar “Dirty Dozen” (Çirkli 12) siyahısında təqdim olunub. Hesabata əsasən, bu siyahıya daxil edilən nümunələrin 96 faizində pestisid izlərinə rast gəlinib, 63 faizində isə qalıcı kimyəvi maddələr aşkarlanıb.
Siyahıya ispanaq, müxtəlif kələm növləri, çiyələk, üzüm, nektarin, şaftalı, albalı, alma, böyürtkən, armud, kartof və qaragilə daxildir. Bildirilir ki, xüsusilə kələm nümunələrinin yarıdan çoxunda ehtimal olunan kanserogen pestisid maddəsi müəyyən edilib. Eyni zamanda, daha az pestisid tərkibli məhsulların yer aldığı “Clean Fifteen” (Təmiz 15) siyahısı da açıqlanıb. Bu siyahıda ananas, avokado, şirin qarğıdalı, papaya, soğan, kələm, gül kələmi, qarpız, mango, banan, kök, göbələk və kivi kimi məhsullar yer alır.
Mütəxəssislər vurğulayırlar ki, PFAS maddələri yalnız qida məhsullarında deyil, içməli suda, qablaşdırma materiallarında kimi bəzi istehlak məhsullarında da mövcuddur. Bu səbəbdən tamamilə bu maddələrdən uzaq durmaq çətin olsa da, düzgün qida seçimi və gigiyenik qaydalara riayət etmək riskləri azaltmağa kömək edə bilər.
Şahnigar Əhmədova, “İki sahil”