02 aprel 2026 23:16
117

Şəffaflıq, akademik inkişaf, beynəlxalq standartlara uyğunlaşma və… - MÜSAHİBƏ

Keyfiyyətli təhsil ölkənin sosial-iqtisadi inkişafında həlledici rol oynayır. Təhsil sistemi tələbələrin bilik və bacarıqlarını artırmaqla yanaşı, insan kapitalını gücləndirir və beynəlxalq rəqabət qabiliyyətini yüksəldir.

Bu məqsədlə yaradılan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ölkədə təhsilin standartlara uyğun qiymətləndirilməsini təmin edir, təhsil müəssisələrinin inkişafını dəstəkləyir və şəffaf monitorinq sistemi yaradır. Agentliyin fəaliyyəti yalnız təhsil prosesini təkmilləşdirmir, həm də akademik heyətin peşəkarlığını artırır, strateji planların formalaşmasına və beynəlxalq standartlarla inteqrasiyaya imkan yaradır.

TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədovun “İki sahil”ə müsahibəsində qurumun fəaliyyəti, əldə etdiyi uğurlar və gələcək prioritetləri barədə geniş söhbət edilir.

-TKTA-nın yaradılması ölkədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi sahəsində hansı praktiki yeniliklərə səbəb oldu?

-Bildiyiniz kimi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi 29 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 907 nömrəli Fərmanı ilə təsis edilmişdir. Agentliyin təsis edilməsi ölkədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi sahəsində bir sıra praktiki yeniliklərə səbəb olmuşdur. İlk növbədə, ali təhsil müəssisələrinin (ATM) institusional və proqram akkreditasiyası üzrə vahid, şəffaf və Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG) ilə uyğunlaşdırılmış qiymətləndirmə meyarları formalaşdırılmışdır. Bu, əvvəlki təcrübədən fərqli olaraq, ali təhsildə keyfiyyətin ölçülməsi üçün beynəlxalq standartlara əsaslanan obyektiv və nəticəyönümlü mexanizmlərin tətbiqini mümkün etmişdir. Bundan əlavə, TKTA akkreditasiya prosesinə ekspert seçimi, qiymətləndirmə, hesabatların hazırlanması və qərarvermə mərhələlərində yeni metodologiyanın, nəzarət və izləmə sistemlərinin tətbiqini təmin etmişdir. Agentlik tərəfindən formalaşdırılan ekspert bazası, ekspertlərin müvafiq modullardan keçərək təlim proseslərinə cəlb edilməsi də keyfiyyətin qiymətləndirilməsində peşəkarlığın yüksəldilməsinə praktiki töhfə vermişdir. Eyni zamanda, akkreditasiya nəticələrinin ictimaiyyətə açıq şəkildə təqdim edilməsi və ATM-lərə inkişaf yönümlü tövsiyələrin təqdim olunması ölkədə təhsil sahəsində hesabatlılığın güclənməsinə, rəqabətliliyin artmasına və ATM-lərin öz daxili keyfiyyət təminatı sistemlərini təkmilləşdirməsinə şərait yaratmışdır.

-Təhsil müəssisələrinin akkreditasiyası prosesində əsas diqqət hansı göstəricilərə yönəldilir?

-Bildiyiniz kimi, ATM-lərin akkreditasiyası iki səviyyədə həyata keçirilir: institusional və proqram. İnstitusional akkreditasiya müəssisənin ümumi fəaliyyətinin qiymətləndirilməsinə yönəlir. Burada əsas diqqət idarəetmə, strateji planlaşdırma, tələbəyönümlü tədrisin təşkili, tədris resursları, akademik heyətin kvalifikasiyası, elmi-tədqiqat fəaliyyəti, maddi-texniki baza, beynəlmiləlləşmə və daxili keyfiyyət təminatı sisteminin dəyərləndirilməsinə yönəldilir.

Proqram akkreditasiyası isə yalnız müvafiq təhsil proqramının qiymətləndirilməsini hədəfləyir. Burada proqramın tərtibi, tələbəyönümlü tədris, maraqlı tərəflərin (tələbələr, işəgötürənlər və akademik heyətin) iştirakı, akademik heyətinin kvalifikasiyası, resurslar, həmçinin proqramın davamlı monitorinqi və təkmilləşdirilməsi istiqamətində fəaliyyət qiymətləndirilir.

-Təhsil müəssisələrinin akkreditasiya prosesində ən çox rast gəlinən çatışmazlıqlar hansılardır və onların aradan qaldırılması üçün hansı tövsiyələr verilir?

-Təhsil müəssisələrinin akkreditasiya qiymətləndirməsində rast gəlinən çatışmazlıqlar hər bir ATM üzrə fərqli ola bilər. Yekun Hesabatlar əsasında aparılan təhlillər göstərir ki, çatışmazlıqlara əsasən, strateji planlama, idarəetmə, daxili keyfiyyət təminatı, təhsil proqramlarının monitorinqi, elmi-tədqiqat fəaliyyəti və beynəlmiləlləşmə sahələrində rast gəlinir. Akkreditasiya Komissiyası bu çatışmazlıqları müəyyən etmək üçün ATM-ləri Akkreditasiya Meyarları əsasında 7 əsas istiqamət üzrə qiymətləndirir. Qiymətləndirmə prosesində müəssisənin istiqamətlər üzrə güclü və zəif tərəfləri müəyyən edilir, müvafiq göstəriş və tövsiyələr verilir, həmçinin nəticələr Yekun Hesabat formasında təqdim olunur. Yekun Hesabatda yer alan göstəriş və tövsiyələrdən irəli gələn Fəaliyyət Planı aidiyyəti ATM tərəfindən hazırlanır və TKTA ilə razılaşdırılır. TKTA sözügedən Fəaliyyət Planının icrası ilə əlaqədar illik əsasda monitorinq həyata keçirir.

- Agentlik təhsil müəssisələrinin inkişafı və təkmilləşdirilməsi üçün hansı tövsiyələri verir?

-Akkreditasiya qiymətləndirməsinin yekunu olaraq Akkreditasiya Komissiyası tərəfindən təhsil müəssisəsinin fəaliyyətinin əsas istiqamətləri üzrə nəticələri əhatə edən Yekun Hesabat hazırlanır. Hesabatda mövcud vəziyyətin təsviri ilə yanaşı, təhsil müəssisəsinin tədris, idarəetmə, daxili keyfiyyət təminatı, kadr potensialı və maddi-texniki baza üzrə təkmilləşdirilməsinə dair konkret göstəriş və tövsiyələr təqdim olunur.

Agentlik ATM-lərin inkişafı üçün Agentlik strateji planlaşdırmanın gücləndirilməsi, daxili keyfiyyət təminatı mexanizmlərinin inkişafı, təhsil proqramlarının hazırlanmasında maraqlı tərəflərin iştirakı, onun mütəmadi monitorinqi,  akademik heyətin peşəkar inkişaf imkanlarının artırılması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində tövsiyələr verir. Eyni zamanda, maraqlı tərəflərlə səmərəli münasibətlərin qurulması da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Belə ki, təhsilalan və təhsilverənlərin ATM-də qərarvermə prosesinə cəlb edilməsi, əmək bazarı ilə əlaqələrin gücləndirilməsi, məzunlarla iş prinsiplərinin müəyyənləşdirilməsi və digər sahələrdə maraqlı tərəflərlə əməkdaşlığın təşkili ATM-lərin inkişafı baxımından faydalıdır.

Qeyd etmək lazımdır ki, hər bir ATM üçün göstəriş və tövsiyələr onun konkret ehtiyacları müəyyənləşdirildikdən sonra verilir. Bu baxımdan Akkreditasiya Komissiyasının ATM üçün hazırladığı Yekun Hesabatda göstərilən göstəriş və tövsiyələr ümumi deyil, xüsusi xarakter daşıyır və həmin müəssisənin inkişaf istiqamətlərinə uyğunlaşdırılır.

Nəticədə, bu göstəriş və tövsiyələr sayəsində ATM-lər fəaliyyətlərini milli və beynəlxalq standartlara uyğunlaşdırır, tədrisin keyfiyyətini artırır, institusional potensialını gücləndirir, həm daxili, həm də beynəlxalq səviyyədə rəqabət qabiliyyətini yüksəldərək davamlı inkişaf yolunda irəliləyir.

-Agentliyin yaxın illər üçün təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində əsas prioritetləri hansılardır?

-Agentliyin gələcək fəaliyyətinin mərkəzində təhsilin bütün pillə və səviyyələrində keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi, akkreditasiya sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi dayanır. Bundan başqa, Agentliyin prioritet istiqamətləri sırasında data əsaslı idarəetmənin inkişaf etdirilməsi, həmçinin keyfiyyət təminatı və kvalifikasiyaların tanınması proseslərinin tam rəqəmsallaşdırılmasının təmin olunması kimi mühüm yanaşmalar xüsusi yer tutur.

Yaqut Ağaşahqızı, “İki sahil”