06 aprel 2026 01:50
99

Sibiqa Ukrayna və Suriya səfirliklərinin fəaliyyətinin tezliklə bərpa olunacağını deyib

Ukrayna və Suriyanın diplomatik nümayəndəlikləri müvafiq olaraq Dəməşq və Kiyevdə fəaliyyətlərini bərpa edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Andrey Sibiqa "X" sosial şəbəkəsində bildirib.

"Biz yaxın vaxtlarda Kiyev və Dəməşqdə səfirliklərin yenidən açılması barədə razılığa gəldik. Bu, tərəfdaşlığımızın dərinləşməsi yolunda əhəmiyyətli bir addımdır", - nazir vurğulayıb.

O əlavə edib ki, 2025-ci ilin avqustunda diplomatik münasibətlərin bərpası haqqında Birgə Kommünikenin imzalanmasından bəri Ukrayna və Suriya arasında ikitərəfli ticarət dövriyyəsi artıq doqquz dəfə artıb.

Qeyd edək ki, Ukrayna nümayəndə heyəti hazırda Suriyada səfərdədir. Ukrayna Prezidenti Volodimir Zelenski suriyalı həmkarı Əhməd Əl Şaraa ilə görüş keçirib. Ukrayna lideri öz "Telegram" kanalında bildirib ki, danışıqlar zamanı geniş spektrli mövzulara - təhlükəsizlik və müdafiə məsələlərindən, regional vəziyyətdən tutmuş, İran ətrafındakı bütün hadisələrə, habelə energetika və infrastruktur sahələrində əməkdaşlığa qədər - toxunulub.