06 aprel 2026 08:18
121

ABŞ və İran 45 günlük mümkün atəşkəs barədə danışıqlar aparır

Birləşmiş Ştatlar və İran 45 günlük mümkün atəşkəs barədə müzakirələr aparır.

“İki sahil” xəbər verir ki, bu barədə Amerikanın "Axios" portalı məlumatlı mənbələrə istinadən yazıb.

Əldə edilən məlumatlara görə, Vaşinqton, Tehran və bir sıra regional vasitəçilər qarşıdurmanın tamamilə başa çatmasına gətirib çıxara biləcək potensial 45 günlük atəşkəsin şərtləri üzərində işləyirlər.

Nəşrin həmsöhbətləri etiraf ediblər ki, yaxın 48 saat ərzində razılaşmanın əldə olunması ehtimalı böyük deyil, lakin bu, İranın mülki infrastrukturuna genişmiqyaslı zərbələri və Fars körfəzi ölkələrində enerji obyektlərinə və su təchizatı sistemlərinə cavab hücumlarını nəzərdə tutan ciddi eskalasiyanın qarşısını almaq üçün yeganə şans ola bilər.

"Axios"un mənbələri vurğulayıblar ki, Pakistan, Misir və Türkiyədən olan vasitəçilər hər iki tərəfdən qarşılıqlı etimadın qurulması istiqamətində addımların atılmasına nail olmağa ümid edirlər. Xüsusən İranın Hörmüz boğazından sərbəst gəmiçiliyin təmin edilməsi məsələsində, eləcə də öz nüvə proqramı xətti ilə müəyyən güzəştlərə gedəcəyi gözlənilir.

"Bundan əlavə, atəşkəsin müvəqqəti olmayacağına və hərbi əməliyyatların bərpa olunmayacağına dair İrana zəmanət vermək üçün [ABŞ Prezidenti Donald] Tramp administrasiyasının görə biləcəyi tədbirlər üzərində iş aparılır", - portal bildirib.