İndoneziya ərazisində yerləşən Semeru vulkanı bazar ertəsi səhəri bir neçə dəfə püskürüb.
“İki sahil” İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi məlumat yayıb. Bildirilib ki, Şərqi Yava əyalətində yerləşən vulkanın zirvəsindən 1100 metr yüksəkliyə qədər kül püskürməsi qeydə alınıb.
Semeru monitorinq məntəqəsinin rəsmisi kül sütunlarının orta intensivliklə cənub istiqamətində hərəkət etdiyini deyib.O bildirib ki, vulkan gecə yarısından etibarən ən azı yeddi dəfə püskürüb. İlk püskürmə yerli vaxtla saat 00:38-də başlayıb, son püskürmə isə saat 09:29-da baş verib. Aktivliyin ən yüksək həddi saat 06:51-də müşahidə olunub.
Səlahiyyətli orqanlar əhalini Semeru vulkanının zirvəsindən 5 kilometr radiusdan kənarda qalmağa çağırıb. Bildirilib ki, cənub-şərq sektorunda qadağa zonası Besuk Kobokan çayı boyunca 13 kilometr uzanır.